Mədəniyyət naziri Litva Respublikasının səfiri Egidijus Navikası qəbul edib
Mədəniyyət naziri Litva Respublikasının səfiri Egidijus Navikası qəbul edib
4 Dekabr 2019 11:39 MədəniyyətAzərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev Litva Respublikasının ölkəmizə yeni təyin olunmuş Fövqəladə və Səlahiyyətli Səfiri Egidijus Navikasla görüşdü.
Olaylar.az bildirir ki, qonağı yeni təyinatı ilə əlaqədar təbrik edən nazir ona gələcək fəaliyyətində uğurlar dilədi. Ölkələrimiz arasında əməkdaşlığın inkişafı üçün perspektivlərin olduğunu qeyd edən Əbülfəs Qarayev 2009-cu ildə Bakı şəhərinin "İslam Mədəniyyəti Paytaxtı" və Vilnüs şəhərinin "Avropa Mədəniyyət Paytaxtı" elan edilməsi ilə əlaqədar iki ölkə arasında mədəniyyətlərarası dialoq kontekstində mühüm mədəni tədbirlərin həyata keçirildiyini xatırlatdı. Eyni zamanda, Litva Respublikasının ölkəmizdə mütəmadi olaraq təşkil edilən Ümumdünya Mədəniyyətlərarası Dialoq və Bakı Beynəlxalq Humanitar forumlarında aktiv iştirakından məmnunluğunu dilə gətirdi.
Səfir Egidijus Navikas öz növbəsində Əbülfəs Qarayevə təbriki və səmimi qəbuluna görə təşəkkür edib. Səfir əməkdaşlığın inkişafı üçün çox gözəl perspektivlərin olduğu fikri ilə tam razı olduğunu bildirib. Litva Respublikasının ölkəmizdəki səfirliyi tərəfindən bir sıra mədəni tədbirlərin keçirilməsinin planlaşdırıldığını bildirən səfir, bu məsələdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyinə ümid etdiyini vurğuladı.
Sonda nazir Əbülfəs Qarayev Azərbaycan Respublikası Prezidentinin Litva Respublikasına rəsmi səfəri çərçivəsində 2007-ci ilin 13 sentyabr tarixində Vilnüs şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş"in əsasında Fəaliyyət Planının işlənib hazırlanmasını təklif etmişdir.

