Anarın “Dədə Qorqud” povesti Moskvada
7 İyun 2012 16:51 MədəniyyətAnarın "Dədə Qorqud" povesti Moskvada Mərcanı Nəşriyyat evi tərəfindən nəfis şəkildə nəşr edilmişdir. Kitaba Xalq rəssamı Toğrul Nərimanbəyov yeni əlvan tərtibat vermişdir.
Nəşrə mərhum türkoloq, filoloji elmlər doktoru, Moskvada yaşayan həmyerlimiz Xalıq Koroğlunun vaxtilə yazdığı mətn ön sözü kimi verilmişdir. Anarın əsərinin orijinallığını və eyni zamanda "Kitabi Dədəm Qorqud"un ruhuna və məzmununa uyğunluğunu yüksək qiymətləndirən alim yazır: Faktiki olaraq Anar oğuzların epik tarixini ümumiləşdirmiş, onların taleyini, həyatlarını, hansı ideallarla yaşadıqlarını bədii cəhətdən mənalandırmışdır.
Kitaba D.D.Vasilyevin və T.A.Anıkıyevanın həm "Kitabi Dədəm Qorqud" dastanı, həm də Anarın povesti ilə bağlı mülahizələri və şərhləri əlavə edilmişdir.
Bu, Anarın "Dədə Qorqud" povestinin Mockvada üçüncü nəşridir. Əvvəlki iki nəşrlər "Detgiz" nəşriyyatı tərəfindən yüksək tirajla çap edilmişdir. Anarın həmin əsəri ayrıca kitab şəklində akademik Həmid Araslının ön sözüylə Bakıda Azərbaycan və rus dillərində beş dəfə, İranda Azərbaycan və fars dillərində iki dəfə, habelə Türkiyədə görkəmli türkoloq Osman Sərtqayanın ön sözüylə "Ötükən" nəşriyyatında və İsveçrədə işıq üzü görmüşdür.