Rəfiq Zəka Xəndanın anadan olmasının 80 illiyi qeyd edilib

Rəfiq Zəka Xəndanın anadan olmasının 80 illiyi qeyd edilib

Dövlət Mahnı Teatrında Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə Azərbaycan poeziyasının tanınmış nümayəndəsi, Dövlət mükafatı laureatı, Əməkdar incəsənət xadimi, professor Rəfiq Zəka Xəndanın 80 illiyinə həsr olunmuş tədbir keçirilib.

Olaylar.az bildirir ki, gecədə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi Rəfiq Zəka Xəndanı XX əsr Azərbaycan poeziyasında öz yeri olan bir qələm adamı kimi dəyərləndirib.

Xüsusilə qeyd edilib ki, onun Azərbaycan ədəbiyyatına sonsuz sevgisi XX əsr Azərbaycan elminin böyük simalarından olan atası Cəfər Xəndanla bağlıdır.

Filologiya elmləri doktoru Vaqif Yusifli tədbirdə çıxış edərək Rəfiq Zəka Xəndanın ömür yolundan və yaradıcılığından söz açıb. Bütün yaradıcılıq dövründə Rəfiq Zəka 20-dən çox kitabın müəllifi kimi böyük şöhrət qazanıb. Yaşadığı 59 illik bir zaman kəsiyində böyük istedadı və yorulmaz fəaliyyəti ilə adını ədəbiyyat tariximizə əbədi həkk etdirib.

Rəfiq Zəka Xəndanın əsərləri nəinki vətəni Azərbaycanda, qardaş Türkiyədə də böyük sevgi ilə oxunur. O, Türkiyə Folklor Akademiyasının fəxri akademiki seçilib, Beynəlxalq Atatürk mükafatı laureatı olub, qardaş ölkənin bir çox bədii jurnallarının redaksiya heyətində təmsil olunub. Ankara və İstanbulda kütləvi tirajlarla kitabları çap edilib. Bir sözlə o, Azərbaycan və Türkiyə arasında ədəbi körpü rolunu oynayıb.

Rəfiq Zəkanı iti hafizəli bir insan kimi də xatırlayan natiq deyib ki, az-az adamların yaddaşı bu qədər güclü ola bilərdi. O, Azərbaycan poeziyasının ən dəyərli nümunələri ilə yanaşı, türk şairi Əbdülhəqq Hamidin 5 min misralıq "Məqbər" poemasını da əzbər bilirdi.

Gecədə Rafiq Zəkanın şeirlərindən nümunələr səsləndirilib, tanınmış və gənc musiqiçilər tərəfindən sözlərinə yazılmış mahnılar ifa olunub.

Sonda şairin oğlu Xəndan Rafiq Zəka oğlu tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31