Bakıda “Sərhədsiz incəsənət” adlı beynəlxalq seminar keçirilib
MDB-nin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun maliyyə və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə Milli İncəsənət Muzeyində "Sərhədsiz incəsənət" adlı beynəlxalq seminar öz işinə başladı.
26 Noyabr 2019 11:06 MədəniyyətMDB-nin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun maliyyə və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə Milli İncəsənət Muzeyində "Sərhədsiz incəsənət" adlı beynəlxalq seminar öz işinə başladı.
Olaylar.az bildirir ki, seminarın açılışında çıxış edən Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva nazir Əbülfəs Qarayevin adından seminar iştirakçılarını salamlayaraq diqqətə çatdırdı ki, layihə mədəniyyət müəssisələrinin fiziki və əqli cəhətdən qüsurlu insanlar daxil olmaqla bütün ziyarətçilər üçün əlverişliliyinin təmin edilməsinə yönəlib. Seminarda MDB ölkələrinin aparıcı muzeyləri, ali təhsil müəssisələrinin və özəl sektorun nümayəndələri, QHT və xeyriyyə fondları, əlil icmalarının və s. təşkilatların 45-dən artıq nümayəndəsi iştirak edir.
Sonra Beynəlxalq Muzeylər Şurasının (İCOM) Rusiya üzrə nümayəndəsi Dinara Xalikova "İnklüziv muzey" layihəsi: əməkdaşların öyrədilməsindən ziyarətçilərin cəlb olunmasınadək", Rusiya Dövlət Tretyakov Qalereyasının maarifləndirmə və nəşriyyat fəaliyyəti üzrə baş direktor müavini Marina Elsezzer "Tretyakov qalereyası - hamı üçün açıq muzey" mövzusunda məruzələrlə çıxış etdilər
Seminarın ikinci panel iclasında mövzu ilə bağlı üç təqdimat oldu. İlk olaraq "İnklüziv muzey. Eşitmə əlilliyi və zəifliyi olan ziyarətçilər" layihəsi üzrə İCOM-un Rusiya üzrə məsləhətçisi, Dövlət Tarix Muzeyinin əlçatanlıq proqramının kuratoru Vladislav Kolesnikov "Eşitmə əlilliyi və zəifliyi olan ziyarətçilərlə iş: sosial və mədəni potensial", A.Kasteyev adına Dövlət İncəsənət Muzeyinin əməkdaşı Gülmira Şalabayeva "Sərhədsiz muzey: əlilliyi olan ziyarətçilər üçün muzeyin əlçatanlığı", "QARAJ" müasir incəsənət muzeyinin bələdçisi Lyudmila Luçkova "QARAJ" muzeyinin layihələri: nəzəriyyə və təcrübələr" mövzusunda çıxış etdilər.
Günün ikinci yarısında seminar məruzələrlə öz işini davam etdirdi.