Xalq yazıçısının kitablarının təqdimatı keçirilib

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Xalq yazıçısı Elçinin yeni işıq üzü görən kitablarının təqdimatı keçirildi.

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Xalq yazıçısı Elçinin yeni işıq üzü görən kitablarının təqdimatı keçirildi.

Olaylar.az bildirir ki, Mədəniyyət Nazirliyi və Milli Kitabxanasının birgə təşkilatçılığı ilə keçirilən mərasimdə görkəmli yazıçının "Baş" romanı, "Qırx beş. Seçilmiş hekayələr", "Daha dərin qatlara. Seçilmiş məqalə və esselər" və "Mənə niyə gülürlər" kitabları təqdim olundu.

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov giriş sözündə ədibin yaradıcılığı haqqında danışdı. Yazıçının əhatəli yaradıcılıq diapazonuna malik olduğunu söyləyən K.Tahirov bildirdi ki, onun bədii irsinin janr müxtəlifliyi ümumi yaradıcılıq istedadının çoxşaxəliliyi qədər diqqəti cəlb edir.

Tədbirdə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev yazıçının əsərlərinin nəşrini ədəbiyyatımıza böyük töhfə kimi dəyərləndirdi. Diqqətə çatdırdı ki, kitablardan bir neçəsi yazıçının yubileyi ərəfəsində nazirliyin dəstəyi ilə çap olunub: "Bu kitablar arasında son vaxtlar böyük müzakirəyə səbəb olan "Başı" romanının xüsusi yeri var. Elçin müəllim Azərbaycanın ədəbiyyat mənzərəsində İlyas Əfəndiyevin davamçısı kimi dərin iz qoyub. Son illər yazıçının müraciət etdiyi mövzular cəmiyyətimizin, xalqımızın özünüdərkinə mühüm töhfədir. Düşünürəm ki, sovetlər dövründə, eləcə də müstəqilliyə keçid mərhələsində Azərbaycan xalqının üzləşdiyi problemlərin ədəbi düşüncədə təhlilini vermək çox çətindir. Bu mürəkkəb mənzərəni gözümüz önündə canlandıran müəlliflərdən biri də Xalq yazıçısı Elçindir. O, yaşadığı bütün dövrləri nəsr əsərlərində, dramaturgiyasında əks etdirərək gələcək nəsillərə ötürə bilib. Elçin müəllim bu hadisələri yazıçı fantaziyasına uyğun olaraq reallıqla birləşdirərək bizə təqdim edir".  

Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar Elçinin yaradıcılığı və insani keyfiyyətləri barədə söz açdı. Vurğuladı ki, Elçinin əsərləri tariximizin çətin və ziddiyyətli dövrlərini əks etdirir. Anar yazıçının "Baş romanını müasir ədəbiyyatımızın nailiyyətlərindən biri kimi dəyərləndirdi. Qeyd etdi ki, üz tutduğu bütün janrlarda uğurlu bədii nümunələr yaradan müəllif bu əsərlərdə dövrün mühüm problemlərini əks etdirib.

Azərbaycan Dövlət Tərcümə Mərkəzi İdarə heyətinin sədri, Xalq yazıçısı Afaq Məsud bildirdi ki, Elçinin hər bir kitabının təqdimatı ədəbi hadisədir. Azərbaycan ədəbiyyatşünaslığında Elçinin tənqidi məqalələrinin xüsusi yeri var.

Daha sonra yazıçının yaradıcılığına həsr edilmiş qısa film nümayiş olundu. Akademik Nizami Cəfərov çıxış edərək ədibin yaradıcılığı ilə bağlı fikirlərini bölüşdü.

Tədbirdə çıxış edən Xalq yazıçısı Çingiz Abdullayev, professor Qəzənfər Paşayev, Yazıçılar Birliyinin Ədəbiyyat Fondunun rəhbəri Əjdər Ol, "Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turan, professor Nizami Məmmədov, tənqidçi, filologiya üzrə elmlər doktoru Elnarə Akimova Elçini müasir Azərbaycan ədəbiyyatının dünyaya çıxışlarından biri kimi dəyərləndirdilər.

Çıxışlardan sonra Milli Kitabxana tərəfindən hazırlanmış elektron məlumat bazası təqdim edildi.

Sonda tədbir iştirakçıları ədibin yaradıcılığını əks etdirən geniş kitab sərgisi ilə tanış oldular.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31