“Azərbaycan muzeylərində audiobələdçi” və "Sənə hekayəmi danışmaq istəyirəm" layihələrinin təqdimatı keçirildi

“Azərbaycan muzeylərində audiobələdçi” və "Sənə hekayəmi danışmaq istəyirəm" layihələrinin təqdimatı keçirildi

Azərbaycan Milli İncəsənət Muzeyində Mədəniyyət Nazirliyi tərəfindən hazırlanan "Azərbaycan muzeylərində audiobələdçi" və "Sənə hekayəmi danışmaq istəyirəm" layihələrinin təqdimat mərasimi keçirildi.

Olaylar.az bildirir ki, təqdimatda Mədəniyyət  Nazirliyi Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin Muzeylərlə iş sektorunun müdiri Nərgiz Abdullayeva layihələr haqqında məlumat verdi. Qeyd etdi ki, "Sənə hekayəmi danışmaq istəyirəm" layihəsi paytaxtımızın muzeylərində saxlanılan unikal eksponatlar haqqındadır. Bu layihədə Milli İncəsənət Muzeyinin və Milli Xalça Muzeyindən seçilmiş eksponatların hekayəsi təqdim edilib. Eksponat özü haqqında qısa məlumat verməklə monoloq şəklində ziyarətçiləri muzeyə dəvət edir.

Bildirildi ki, reklam xarakterli bu çarxlar paytaxtın mərkəzi küçələrində yerləşən bilbordlarda nümayiş olunmaqla yanaşı, kinoteatrlarda filmlərin nümayişindən öncə təqdim edilərək diqqətləri mədəni mirasımıza yönəldəcək. Həmçinin bu videoçarxlara həsr olunmuş nəşrlər Azərbaycan və ingilis dillərində çap edilərək paytaxt sakinlərinə və şəhərimizin qonaqlarına paylanılıb. Ötən ayın sonlarından  videoçarxlar sosial şəbəkələr vasitəsilə də nümayiş olunub. Bir ay ərzində videomateriallar "Facebook" şəbəkəsində 108 min izləyici, "İnstagram"da isə 123 min izləyici tərəfindən baxılıb.

Sektor müdiri ilkin pilot layihənin maraqla qarşılandığını dedi və bu istiqamətdə işlərin davam etdiriləcəyini diqqətə çatdırdı. Bildirdi ki, yaxın zamanlarda bu videoçarxlar televiziya vasitəsilə də nümayiş olunacaq.

Sonra "Sənə hekayəmi danışmaq istəyirəm" layihəsinin Milli İncəsənət Muzeyi və Milli Xalça Muzeyinin eksponatlarına həsr olunmuş videoçarxları nümayiş olundu.

Tədbirdə daha sonra "Azərbaycan muzeylərində audiobələdçi" layihəsi təqdim olundu. Nərgiz Abdullayeva diqqətə çatdırdı ki, Azərbaycan, rus, ingilis, fransız və ərəb dillərində hazırlanan gidlər müxtəlif yaşa məxsus insanlar üçün nəzərdə tutulub. "ORPHEO Touche" cihazları tərəfindən hazırlanmış applikasiyalar "İphone" və "Android" telefonlara yükləməklə istifadə etmək mümkündür.

"ORPHEO Group" şirkətinin texniki meneceri David Louren çıxış edərək şirkətin fəaliyyəti və cihazlar haqqında söz açdı. Bildirdi ki, 30 ədəd mikro, 10 ədəd "Touche" variantda cihaz hazırda Azərbaycana gətirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31