“Azərbaycan tibb tarixinin qaynaqları və tarixşünaslığı” monoqrafiyası nəşr edilib
“Azərbaycan tibb tarixinin qaynaqları və tarixşünaslığı” monoqrafiyası nəşr edilib
25 Noyabr 2019 11:17 MədəniyyətAzərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunun ərsəyə gətirdiyi "Azərbaycan tibb tarixinin qaynaqları və tarixşünaslığı" adlı monoqrafiya işıq üzü görüb.
Olaylar.az bildirir ki, həmmüəllif işi olan monoqrafiya Elm Tarixi İnstitutunun Elmi şurasının qərarına əsasən çap olunub. Monoqrafiyanın müəllifləri - İnstitutun direktoru, tarix elmləri doktoru, dosent Məryəm Seyidbəyli və əməkdaşları tarix üzrə fəlsəfə doktoru Bayram Quliyev və Solmaz Namazovadır. Monoqrafiyanın elmi redaktoru AMEA İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundovadır.
Azərbaycan elm tarixində bir ilk olan monoqrafiya qədim dövrdən müasir dövrədək Azərbaycanın tibb tarixinin bütün məqamlarına aid qaynaqların və tarixşünaslığın araşdırmasıdır. Tədqiqat obyekti olmuş problem bundan əvvəl demək olar ki, geniş formada tədqiq edilməmişdir. Əsər iki bölümdən ibarətdir. Birinci bölüm qaynaqlar haqqında məlumatlar, qaynaqların təsnifatı və onların müəllifləri haqqındadır. Xronoloji ardıcıllığın qorunduğu ikinci bölüm isə tibbin tarixşünaslığına həsr olunub.