Mahnı Teatrında görkəmli yazıçı Cəfər Cabbarlının 120 illiyinə həsr edilmiş tədbir keçirilib

Mahnı Teatrında görkəmli yazıçı Cəfər Cabbarlının 120 illiyinə həsr edilmiş tədbir keçirilib

R. Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında görkəmli yazıçı, dramaturq, nasir və ictimai xadim Cəfər Cabbarlının 120 illiyinə həsr edilmiş tədbir keçirilib.

Olaylar.az bildirir ki, tədbir ədibin anadan olmasının 120 illiyinin qeyd edilməsi haqqında ölkə başçısının müvafiq Sərəncamına əsasən Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə "Cəfər Cabbarlı həftəsi" çərçivəsində reallaşıb.

Tədbirdə Əməkdar jurnalist, pedaqogika üzrə fəlsəfə doktoru Qafar Əsgərzadə çıxış edərək tədbirin əhəmiyyətindən söz açıb. Görkəmli yazıçının həyat və yaradıcılığı, Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərindən bəhs edən Q.Əgərzadə bildirib ki, Cəfər Cabbarlı XX əsr Azərbaycan ədəbiyyatının geniş şöhrət tapmış nadir simalarındandır. Klassik ədəbi irs zəminində yetişən ədib milli ədəbiyyatın parlaq ənənələrini qorumaqla bərabər, yenilik və müasirlik uğrunda mübarizəni yaradıcılığının əsas qayəsinə çevirib.

Azərbaycanda Atatürk Mərkəzinin müdiri, akademik Nizami Cəfərov deyib ki, ədəbi-mədəni proseslərin fəal qurucularından biri olaraq C.Cabbarlı yaratdığı güclü xarakterlər və koloritli obrazlarla bədii-estetik fikir salnaməmizə misilsiz töhfələr bəxş edib. Qeyd edib ki, unudulmaz yazıçı şəxsiyyət azadlığının və humanizmin, milli azadlıq və istiqlal ideallarının tərənnümçüsü olmaqla, çoxcəhətli ədəbi və ictimai fəaliyyəti boyunca daim xalqımızın dünya mədəniyyəti səhnəsində layiqli mövqe qazanmasına çalışıb. C.Cabbarlının milli ədəbiyyatın, dramaturgiyanın, teatr və kino sənətlərinin inkişafındakı müstəsna xidmətlərindən söz açan akademik bildirib ki, yazıçının əsərləri milli teatrda mühüm hadisə kimi dəyərləndirilib, uzun illər boyu tamaşaçıların bir neçə nəslinin estetik zövqünün formalaşmasında əvəzsiz rol oynayıb. C.Cabbarlı yaradıcılığı həm yüksək bədii səviyyəsi, həm də ideya-məzmunu ilə hər zaman dəyərini və aktuallığını qoruyub saxlayıb.

Tədbir konsert proqramı ilə davam edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31