“İmadəddin Nəsiminin fəlsəfəsi və UNESKO-nun dəyərləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

“İmadəddin Nəsiminin fəlsəfəsi və UNESKO-nun dəyərləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə İnstitutu UNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə birlikdə "İmadəddin Nəsiminin fəlsəfəsi və UNESKO-nun dəyərləri" mövzusunda beynəlxalq elmi konfrans keçirib.

Olaylar.az bildirir ki, tanınmış alim və mütəxəssislərin iştirak etdikləri tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin böyük şair İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi və 2019-cu ilin "Nəsimi ili" elan edilməsi haqqında sərəncamlarının əhəmiyyətindən danışıb. Qeyd edib ki, həmin sənədlər Nəsiminin şəxsiyyətinə, irsinə verilən yüksək dəyərin göstəricisidir və sənətkarın həyat və yaradıcılığının, həmişəyaşar ideyalarının daha geniş miqyasda və elmi əsaslarla tanıdılmasına imkan açır.

AMEA-nın Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadə İmadəddin Nəsiminin istər ədəbiyyat, istərsə də fəlsəfə sahəsində əvəzsiz zəngin irs qoyduğunu qeyd edib. O bildirib ki, hürufilik Nəsimi tərəfindən nəinki Azərbaycanda, eləcə də Şərqdə geniş yayılıb və bunun sayəsində şair Misir, İraq, İran və Anadoluda ən tanınmış simalardan birinə çevrilib.

Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, UNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Baş katibi Elnur Sultanov Azərbaycan-UNESKO əlaqələrindən danışıb, bu əlaqələrin inkişafında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müstəsna rolunu diqqətə çatdırıb. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Nəsimi irsi ilə bağlı fikirlərini bildirib, onun əhəmiyyətindən danışıb.

Mədəniyyət nazirinin müavini, AMEA-nın müxbir üzvü Sevda Məmmədəliyeva bildirib ki, Nəsimi öz yaradıcılığı ilə insanı ən ali həqiqət kimi ucaldıb, dövrün  hökmdar və şairlərini öz təsiri altına salmağı bacarıb. Sevda Məmmədəliyeva həmçinin Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Nəsimi irsinin öyrənilməsinin yeni müstəviyə çıxdığını bildirərək, Mədəniyyət Nazirliyinin 2019-cu ildə həyata keçirdiyi silsilə tədbirlərdən danışıb. UNESKO-nun Dünya İrs Komitəsinin cari ildə Bakıda keçirilən 43-cü sessiyasının açılış mərasimində əslən azərbaycanlı, dünya şöhrətli müğənni Sami Yusufun ifa etdiyi, Nəsiminin məşhur "Sığmazam" qəzəlinə bəstələnmiş kompozisiyanın cəmiyyətimizdə olduğu kimi bütün dünyada rəğbətlə qarşılandığı qeyd edib.

AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova bildirib ki, Nəsimi klassik Azərbaycan poeziyasına mühüm yeniliklər gətirmiş böyük söz ustadıdır. Alim böyük sənətkar Nəsiminin ölməz əsərlərinin əhəmiyyətindən danışıb.

Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət üzrə məsləhətçisi İrfan Çiftçi qeyd edib ki, İmadəddin Nəsimi həqiqət tərəfdarı idi. Onun yaradıcılığında insana sevgi, məhəbbət duyğuları əsas yer tutur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31