Amerikalı diplomatlar Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illik medalları ilə təltif olunublar
Vaşinqton şəhərində keçirilən təntənəli tədbirdə Amerikalı diplomatlar Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illik yubileyinə həsr olunmuş medalları ilə təltif olunmuşdur.
22 Noyabr 2019 11:30 MədəniyyətVaşinqton şəhərində keçirilən təntənəli tədbirdə Amerikalı diplomatlar Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illik yubileyinə həsr olunmuş medalları ilə təltif olunmuşdur.
Olaylar.az bildirir ki, "Əsrin müqaviləsi"nin imzalanmasının 25-ci ildönümünə həsr olunmuş qala tədbirində Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanov Xarici işlər naziri Elmar Məmmədyarovun adından ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta və ABŞ Dövlət Katibinin keçmiş köməkçisinin müavini və Bolqarıstandakı keçmiş səfiri Erik Rubinə medalları təqdim etmişdir.
Elin Süleymanov öz çıxışında Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlığına, iki dövlət arasında münasibətlərə və xalqlar arasında dostluğa vermiş töhfələrinə, eləcə də Azərbaycan tərəfinin təşəbbüsü ilə regionda keçirilən irimiqyaslı layihələrə dəstəyə görə həm səfir Sekuta, həm də səfir Rubinə öz təşəkkürünü bildirmişdir. Həmçinin səfir Azərbaycan Respublikasının Xarici işlər naziri adından bu medalları ABŞ-ın tanınmış diplomatlarına və Azərbaycanın dostlarına təqdim etməsini özünə şərəf bildiyini qeyd etmişdir. Öz növbəsində səfir Sekuta bu təltifə görə Azərbaycan hakimiyyətinə dərin minnətdarlığını bildirərək Azərbaycanda fəaliyyət göstərdiyi dövrü böyük məmnuniyyət hissi ilə xatırlamışdır. Azərbaycan mədəniyyət və xalqına heyran olduğunu, eləcə də Azərbaycanın ABŞ ilə arasında tərəfdaşlığın gücləndirilməsi üçün hər zaman əlindən gələni etdiyini bildirmişdir.
Daha sonra səfir Rubin öz çıxışında Azərbaycan tərəfinə minnətdarlıq bildirərək bu medalı özünə böyük şərəf olduğunu qeyd etmiş, hər zaman Azərbaycanla ABŞ arasında dostluq münasibətlərin gücləndirilməsinə önəm verdiyini və Azərbaycanın regionda starteji əhəmiyyəti vurğulamışdır. E.Rubin Bolqarıstanda səfir olarkən belə Azərbaycanın təşəbbüsü ilə regionda keçirilən enerji layihələr üzərində işləməyi davam etmiş, o cümlədən Bolqarıstan-Yunanıstan qaz birləşməsinin ərsəyə gəlməsi üçün səylər göstərmişdir.
Vaşinqtonun tanınmiş tarixi Hovard teatrında keçirilən möhtəşəm qala gecəsi Xəzər Siyasət Mərkəzi tərəfindən "Əsrin müqaviləsi"nin imzalanmasının 25-ci ildönümü ilə əlaqədar keçirilən konfrans çərçivəsində baş tutmuşdur. Tədbirdə Azərbaycan Respublikasının Energetika Naziri Pərviz Şahbazov, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Elşad Nəsirovun rəhbərlik etdiyi nümayəndə heyəti, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, ABŞ dövlət qurumları və diplomatik korpusun nümayəndələri iştirak etmişdir. Tədbirdə həmçinin yaxın zamanlarda "Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illik yubileyi" medalı ilə təltif olunan Azərbaycanın Nyu Meksiko ştatının Santa Fe şəhərindəki fəxri konsulu Art Makkafi də iştirak etmişdir.
Qala gecəsində Azərbaycan incəsənətinin nümayəndələri, pianoçular Nərgiz Əliyarova və Emil Əfrasiyab Azərbaycan musiqisini ifa etmişdir.

