Uşaq Filarmoniyasının kollektivi Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində çıxış edib
Uşaq Filarmoniyasının kollektivi Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində çıxış edib
21 Noyabr 2019 12:55 MədəniyyətFirudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə Dövlət Uşaq Filarmoniyasının kollektivi Ümumdünya Uşaq Hüquqları gününə həsr olunmuş "Biz günəşin zərrəsiyik" adlı konsert proqramı ilə çıxış edib. Konsert Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində baş tutdu.
Olaylar.az bildirir ki, Ümumdünya Uşaq Hüquqları gününün məhz hər zaman xüsusi qayğıya, dəstəyə ehtiyac duyan Daun sindromlu uşaqlarla birlikdə keçirilməsi də təsadüfü deyildi. Müəyyən mənada digər uşaqlardan fərqli olsalar da onların da cəmiyyətə inteqrasiya etmələri üçün belə tədbirlərin keçirilməsi vacibdir.
Konsertdə Dövlət Uşaq Filarmoniyasının "Şəms" uşaq xoru, xalq çalğı alətləri şöbəsi, rəqs kollektivi və "Azəri inciləri" vokal qrupu çıxış etdi. Bir-birindən rəngarəng, zəngin nömrələrlə çıxış edən uşaqlar zalda əyləşən balaca dostlarının da sevincinə səbəb oldular.
Tədbirin sonunda Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova Dövlət Uşaq Filarmoniyasının kollektivinə və xüsusiylə də Dilarə xanıma, "Azəri inciləri" vokal qrupuna belə gözəl konsert üçün öz minnətdarlığını bildirdi.


