UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılmasının 25 illiyi qeyd olundu

UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılmasının 25 illiyi qeyd olundu

Parisdə UNESKO-nun baş qərargahında qurumun Baş Konfransının 40-cı sessiyası çərçivəsində UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılmasının 25 illiyi təntənə ilə qeyd edilib.

Olaylar.az bildirdi ki, tədbirdə UNESKO-nun rəhbər nümayəndələri, bir sıra ölkələrin Mədəniyyət nazirləri, daimi nümayəndəliklərin rəhbərləri və əməkdaşları iştirak ediblər.

UNESKO yanında daimi nümayəndəliyimizin rəhbəri, səfir Anar Kərimov giriş sözü ilə çıxış edərək ölkəmizlə UNESKO arasında əlqələrə toxunub. Ölkəmizin qurumun prinsip və dəyərlərinə həmişə sadiq olduğunu vurğulayıb və bunun UNESKO ilə səmərəli əməkdaşlıq münasibətlərimizlə təsdiqləndiyini bildirib.

UNESKO baş direktorunun Afrika departamenti üzrə müavini Firmin Eduard Matoko Baş direktor adından Milli Komissiyanın 25 illiyini təbrik edib. UNESKO-nun gündəliyində əsas tədbirlərdən olan və Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna toxunaraq, ölkəmizin mədəniyyətlərarası dialoqun təşviqindəki əvəzsiz rolundan danışıb. Daimi nümayəndəliyimizə və Milli Komissiyaya ölkəmizin zəngin mədəni irsini, müxtəlif mədəniyyət ənənələrini UNESKO baş qərargahında keçirdikləri tədbirlər vasitəsi tanıtdıqlarını alqışlayıb. Təşkilatın ölkəmizlə əlaqələrinin daha da genişlənəcəyinə indandığını bildirib.

Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, UNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının baş katibi Elnur Sultanov Milli Komissiyanın yaranması tarixindən danışıb. Tədbirdə qeyd olunub ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva təşəbbüsü və dəstəyi ilə ölkəmizlə UNESKO arasındakı əlaqələrin inkişafına böyük töhfələr verib. Ölkəmizin UNESKO prinsip və dəyərlərinə sadiq qalacağı, qurumun nəcib missiyasının həyata keçirilməsində dəstəyini davam etdirəcəyi diqqətə çatdırılıb.

Azərbaycan Mədəniyyət naziri Əbülfəs Qarayev tədbirə qoşulan həmkarlarını və digər iştirakçıları salamlayaraq, tədbirin önəmini qeyd edib. O, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə səfir Anar Kərimova 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordenini təqdim edib.

"Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)" yubiley medalı UNESKO-nun baş direktorunun xüsusi müşaviri, Ümumdünya İrs Komitəsinin keçmiş rəhbəri Munir Buşenakiyə təqdim olunub.

Munir Buşenaki bu yüksək mükafatla təltif edildiyinə görə şərəf duyduğunu deyib və Azərbaycan hökumətinə təşəkkürünü bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31