ADMİU SABAH qrupları Beynəlxalq Festivalda mükafat qazanıb
ADMİU SABAH qrupları Beynəlxalq Festivalda mükafat qazanıb
19 Noyabr 2019 11:51 MədəniyyətAzərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin SABAH qrupları Rusiyada keçirilən 39-cu ÜDKİ (ВГИК) Beynəlxalq Tələbə Festivalında iştirak edib.
Olaylar.az bildirir ki, Azərbaycanlı tələbələrin festivalda iştirakı ADMİU və ÜDKİ arasında bu ilin mart ayında imzalanmış, iki ali təhsil müəssisəsi arasında təhsil, elm və yaradıcılıq sahəsində əlaqələrin qurulmasını nəzərdə tutan qarşılıqlı əməkdaşlıq müqaviləsinə əsasən baş tutub.
Bolqarıstan, Polşa, Slovakiya, Rusiya Dövlət Teatr Sənəti İnstitutu, S.Gerasimov adına ÜDKİ, Moskva Bədaye Teatrının məktəb-studiyası, Şukin və Şepkin məktəblərinin tələbələrinin iştirakı ilə hazırlanan filmlərin və tamaşaların nümayiş olunduğu festivalda ADMİU ölkəmizi V.Şekspirin pyesinin motivləri əsasında hazırlanmış "Otello əfsanəsi" tamaşası ilə təmsil edib. Mistik ballada janrında hazırlanan tamaşanın quruluşçu rejissoru Gümrah Ömərdir. Tamaşada SABAH qruplarında IV kurs aktyor sənəti ixtisası üzrə təhsil alan tələbələr Ziya Ağa (Otello), Fidan İsmayılova (Dezdemona), Mətləb Abuşov (Kassio), Toğrul Qasımov (Brabansio), Mirsənan Kazımlı (Yaqo), Gövhər Şabanova (Emilya), Gövhər Fidan (Bianka), Elçin Əmirov (Rodriqo), Tural Kərimov (Hersoq) çıxış ediblər.
Tamaşa 39-cu ÜDKİ (ВГИК) Beynəlxalq Tələbə Festivalının festivalın tərkib hissəsi olan 15-ci Beynəlxalq teatr yarışması çərçivəsində ÜDKİ-nin səhnəsində nümayiş olunub. Tamaşada Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinin nümayəndələri - baş katib Nigar Axundova, humanitar məsələlər üzrə məsləhətçi Zaur Paşayev iştirak edib.
Qeyd edək ki, "Otello əfsanəsi" bu ilin mart ayında Rusiya Teatr Sənəti İnstitutunda keçirilən "QİTİS - ustad dərsi" festivalında "Ən orijinal tamaşa" seçilib. Otello rolunun ifaçısı, SABAH tələbəsi Ziya Ağa isə "Ən yaxşı kişi rolunun ifaçısı" nominasiyası üzrə mükafata layiq görülüb.
Rektor VIII Beynəlxalq Mədəniyyət Forumunda iştirak edib
Nigar Nigar "Olaylar" Azərbaycan nümayəndə heyəti Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Beynəlxalq Mədəniyyət Forumunda iştirak edib.
Olaylar.az bildirir ki, Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində VIII Beynəlxalq Mədəniyyət Forumu işə başlayıb. Rusiya Federasiyası Mədəniyyət nazirliyinin nümayəndələri, Rusiya və xarici ölkələrin Mədəniyyət idarələrinin və təşkilatlarının rəhbərləri daxil olmaqla 91 ölkənin 35000-dən artıq nümayəndəsinin iştirakı ilə keçirilən forumda Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərliyi ilə ölkəmizi təmsil edən nümayəndə heyətinin tərkibinə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru professor Ceyran Mahmudova da daxil olub.
Nümayəndə heyəti həmin gün Forumun əsas mövzusuna həsr olunmuş "Qloballaşma şəraitində mədəni kodlar" adlı plenar iclasda iştirak edib.
Forum çərçivəsində Rusiyanın və digər ölkələrin nümayəndələri ilə görüşlər keçirilib. Görüşlərdə 2020-ci ildə keçiriləcək IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda Azərbaycanın "iştirakçı ölkə" statusunda maraqlı proqram təqdim edəcəyi barədə söhbət açılıb.
"Lendok" Açıq Film Studiyasında Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva ilə Rusiya Federasiyasının Mədəniyyət nazirinin müavini Pavel Stepanov arasında görüş keçirilib.
Görüşdə Rusiya Mədəniyyət Nazirliyi və Dövlət Kinofilm fondunun səlahiyyətli rəsmiləri, ölkəmizin nümayəndə heyəti və Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş konsulluğunun əməkdaşları ilə yanaşı, Ceyran Mahmudova da iştirak edib.
Ölkələrimiz arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişaf səviyyəsindən danışan Rusiya Mədəniyyət nazirinin müavini Pavel Stepanov Azərbaycan nümayəndə heyətinin səfəri münasibətilə dahi bəstəkar Üzeyir Hacıbəylinin eyniadlı əsərinin motivləri əsasında çəkilmiş və Rusiya Dövlət Film Fondunun arxivində saxlanılan "Arşın mal alan" filminin müasir kino texnologiyaları vasitəsilə təmizlənmiş və rus dilində olan versiyasını diqqətə çatdırmaqdan şərəf duyduğunu bildirib.
Nazir müavini Sevda Məmmədəliyeva öz növbəsində rusiyalı həmkarına minnətdarlığını bildirib. Sonra Azərbaycan nümayəndə heyətinin VIII Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda məhsuldar işi, fəal iştirakı, həmçinin teatr sahəsində gələcək əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə Azərbaycan Mədəniyyət Nazirliyinə Rusiya teatr tamaşalarının yazılarının hədiyyə edilməsi haqqında protokol imzalanıb.
Görüşün sonunda Rusiya Federasiyasının Mədəniyyət nazirinin müavini Pavel Stepanov Azərbaycan Mədəniyyət Nazirliyinə Rusiya teatr tamaşalarının yazıları ilə yanaşı, "Arşın mal alan" filminin ilk afişasının surətini hədiyyə edib. Sonra kinostudiyada yenilənmiş "Arşın mal alan" filmi nümayiş olunub. Film tamaşaçılar tərəfindən böyük maraqla izlənib.

