Cəlil Məmmədquluzadənin ev-muzeyinin əsaslı təmirdən sonra açılışı oldu
Cəlil Məmmədquluzadənin ev-muzeyinin əsaslı təmirdən sonra açılışı oldu
18 Noyabr 2019 16:04 MədəniyyətNoyabrın 18-də görkəmli yazıçı-dramaturq, publisist, naşir, ictimai xadim Cəlil Məmmədquluzadənin (1869-1932) Bakıdakı ev-muzeyinin əsaslı təmirdən sonra açılış mərasimi keçirildi.
Olaylar.az bildirir ki, tədbirdə dövlət rəsmiləri, millət vəkilləri, yazıçının nəticəsi Martin Cavanşiri və onun oğlu Pşemislav Cavanşiri, elm, ədəbiyyat və mədəniyyət xadimləri iştirak edirdi. Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov qonaqları salamladı, görkəmli ədibin ömür yolundan qısa söz açdı.
Mərasimdə çıxış edən Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Cəlil Məmməquluzadənin Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafında özünəməxsus rolundan bəhs etdi. Bildirdi ki, Prezident İlham Əliyevin sərəncamına əsasən, böyük ədibin 150 illik yubileyi ölkəmizdə və xaricdə müxtəlif tədbirlərlə qeyd olunur.
Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar vurğuladı ki, Cəlil Məmmədquluzadənin Bakıdakı ev-muzeyi ümummilli lider Heydər Əliyev Moskvaya gedəndən sonra baxımsız vəziyyətdə qalmışdı.
AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli çıxış edərək 68 illik fasilədən sonra Mirzə Cəlil nəslinin davamçılarının ilk dəfə vətənlərinə qayıtdıqlarını bildirdi: "Mirzə Cəlilin nəvələri İran, Polşa, Fransa və İrlandiyada yaşayır. Cəlil Məmmədquluzadənin nəticəsi və kötükcəsi hazırda bizimlədir. Onlar ulu babalarının evi ilə tanış olacaqlar. Cəlil Məmmədquluzadə ən böyük əsərlərini bu evdə yazıb. Bu evin ona verilməsində Azərbaycan xalqının böyük oğlu Nəriman Nərimanovun mühüm xidmətləri olub. Sovet rejimi yazıçını İrandan dəvət etsə də, ona bir il ərzində lazımi diqqət yetirilməyib. Evin birinci mərtəbəsi "Molla Nəsrəddin" mətbəəsi, ikinci mərtəbəsi isə mənzil kimi istifadə olunub. Azərbaycanın görkəmli ədibləri onunla görüşmək üçün bu məkana gəliblər".
Daha sonra çıxış edən yazıçının nəticəsi Martin Cavanşiri Cəlil Məmmədquluzadəyə göstərilən diqqətə görə Azərbaycan dövlətinə təşəkkürünü bildirdi.
Sonda tədbir iştirakçıları ev-muzeylə yaxından tanış oldular.