Milli Xalça Muzeyində konfrans

Milli Xalça Muzeyində konfrans

Azərbaycan Milli Xalça Muzeyində "Muzeylər, tekstil kolleksiyaları və qarşılıqlı əməkdaşlıq perspektivləri" adlı konfransın açılışı olub.

Olaylar.az bildirir ki, konfrans Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyi və MDB-nin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun təşkilatçılığı ilə reallaşıb.

Tədbiri Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova açaraq bildirib ki, konfrans muzeyin təsisçisi, xalçaçı-alim, Xalq rəssamı Lətif Kərimovun doğum gününə, eyni zamanda, Azərbaycan xalça sənətinin UNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil olmasının ildönümünə təsadüf edir.

Azərbaycan, Türkiyə, Böyük Britaniya, Almaniya, Rusiya, İtaliya, Gürcüstan, Serbiya, Albaniya, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Argentina və Taylanddan olan mütəxəssislərin iştirak etdiyi konfransda 39 məruzə dinləniləcək: Çıxışlar rəqəmsal dünyada tekstil muzeyləri, tekstil kolleksiyalarında innovativ iş üsulları, layihə menecmenti, kuratorluq işi və təqdimatların keçirilməsi, tekstil muzeylərində konservasiyanın özəllikləri, ziyarətçilərlə iş mövzularını əhatə edəcək".

Mədəniyyət nazirinin müavini Vaqif Əliyev isə konfransın xalqımız üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Daha sonra Azərbaycan Milli Xalça Muzeyinin Latviyanın Azərbaycandakı səfirliyi ilə əməkdaşlığı çərçivəsində latviyalı modelyer Evita Smanuhinanın "Frozen Dreams" adlı moda nümayişi təqdim olunub.

İki ölkə arasında mədəni əlaqələrdən danışan Latviyanın ölkəmizdəki səfiri Daynis Qarançs belə tədbirlərin xalqlar arasında əməkdaşlığın güclənməsinə mühüm töhfə verdiyini vurğulayıb. Latviyalı modelyer Evita Smanuhina konfrans çərçivəsində hazırladığı geyimlərin nümayişindən məmnunluğunu ifadə edərək tədbirin təşkilatçılarına təşəkkürünü bildirib.

Moda nümayişindən sonra qonaqlar özbək ipək toxuculuq texnologiyasına həsr edilən "İpək hekayətlər" sərgisi ilə tanış olublar. Sərgi "ikat" istehsalının bütün mərhələlərini əks etdirir. Ekspozisiyanın mühüm hissəsini qədim "ikat", ənənəvi geyimlər, süzanə, interyer tikmələrin növləri, xovlu xalçalar, milli geyim nümunələri təşkil edir.

Tədbirdə, həmçinin muzeyin 50 illik yubileyinə həsr olunmuş "Azərbaycan Xalça Muzeyi" adlı kitab təqdim olunub. Kitabda muzeyin yaranması və fəaliyyəti, muzeyin eksponatları haqqında məlumatlar yer alır.

Qeyd edək ki, konfrans noyabrın 17-dək davam edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31