Bir toyun saçyoldusu...

Röya ilə Aygün Kazımovanın davası böyük qalmaqala səbəb olub

Toy Azərbaycan xalqının mədəniyyətində mühüm yerlərdən birini tutur. İnsan həyatında bir dəfə baş verən bu mühüm hadisə hər kəsin yaddaşında silinməz izlər yaradır.  Lakin elə toylar var ki, qalmaqalsız,  davasız ötüşmür. Əsasən də şou-biznes nümayəndələri bir yerə toplaşanda.   Şou-biznesdə baş verən qalmaqallar bu gün də səngimək bilmir.  Qalmaqallardan xali olmayan yerli şou-biznesdə yenidən növbəti savaş alovlanıb. Ötən gün "Xəzər" telekanalında "Aramızda qalsın" teleserialının baş qəhrəmanlarından birinin rolunu ifa edən Kamilə Babayevanın toy məclisində neçə ildir bir-biri ilə yola getməyən xalq artisti Aygün Kazımova ilə Röya Ayxan arasında müvəqqəti "atəşkəs" yenidən pozulub. KİV nümayəndələrinin  buraxılmadığı toy mərasimində iştirak edən hər iki müğənni gözlənilmədən rəqs meydanında "saçyolduya" çıxıblar.

Deyilənlərə görə, əməkdar artist Aygün Kazımova rəqs edə-edə Röya Ayxana   yaxınlaşaraq, ona nə isə deyib. Əsl həngamə də bundan sonra başlayıb. Bundan bərk qəzəblənən Röya həmkarının saçından yapışaraq, onu döyməyə başlayıb. Xalq artisti də Röyanı cavabsız buraxmayıb, onun saçlarını yolmağa başlayıb.
Bununla da, yerli şou-biznesin iki məşhur siması yüzlərlə insan qarşısında əlbəyaxa olublar. Onları çətinliklə ayırıblar. Toy məclisində oxumağı planlaşdırılan Röya toyu yarımçıq tərk edib. Beləliklə də, bir neçə ay öncə yerli televerilişlərin birində təmtəraqlı barışıq elan edib, qucaqlaşıb, öpüşən müğənnilərin mehriban münasibəti uzun sürməyib. Deyilənlərə görə, müğənnilər arasındakı qalmaqala səbəb kimi Röyanın prodüseri olan Tolikin (Tarix Əliyev) vaxtilə birgə çalışdığı Aygün Kazımova ilə iş birliyinə başlaması olub.
Hətta bir müddət öncə ANS telekanalının "Günəbaxan" verilişində iştirak edən Tolik, Röyanın onun Aygün Kazımova ilə işləməsinə sərt reaksiya göstərməsini demişdi. Bildirmişdi ki, Röya etiraz etsə də, xalq artisti ilə birgə işləməyə davam edəcək.  Röyanın prodüseri Kənan Bayramov qəzetimizə verdiyi açıqlamada olayı təsdiqləyib. Digər bir prodüser Tolik də hadisə ilə bağlı danışıb.
Ad gününü Kamilə Babayevanın toy məclisinə görə bir gün ertələyən prodüser baş verənlərdən narazı olduğunu xüsusilə vurğulayıb: "Məni daha çoх aparıcı Kamilə Babayevanın vəziyyəti düşündürür. Təsəvvür edin, illərdir ki, toy gözləyəsən, o da qalmaqalla yadda qalsın. Media nümayəndələrinin toyda iştirak etməsini, toyun böyük rezonans doğurmasını istəməyən aparıcı nə biləydi ki, bütün qəzetlər və saytlar onun qalmaqallı toyundan danışacaq. Uzun müddətdir ki, aralarında soyuqluq olsa da sonda televiziya vasitəsilə barışıq elan edən Röya ilə Aygün Kazımovanın münasibətləri toyda pozuldu. Doğrudan da "iki qoçun başı bir qazanda qaynamaz" məsəli yerində deyilib. Düzdür, hələ illərdən bəri el şənliklərimiz davasız keçmir. Lakin toylarda baş verən davaların əksəriyyətinə spirtli içki və acı dilin işə salınması  səbəb olur. Kamilə Babayevanın toyundakı qalmaqal da yəqin ki, elə qılınc yarası yoх, söz
yarası olub. Görün bir toy  nə qədər insanın hafizəsindən silinməyəcək. Mən hesab edirəm ki, hisslərini cilovlaya bilməyən hər iki sənətçi toyun səbəbkarlarına qarşı hörmətsizlik etmiş oldular. Ən azından Kamilə Babayeva özünə görə tanınan və öz tamaşaçı auditoriyası olan aparıcılarımızdandır. Təbii ki, səbirsizliklə gözlədiyi toyunda davanın düşməsini o heç ağlına belə gətirə bilməzdi. Lakin bu baş verdi. Müğənnilər olan oldu, keçən keçdi desələr də hesab edirəm ki, toydakı "saçyoldu" hələ çoх müzakirə obyektinə çevriləcək.

Nisə Rafiqqızı   
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31