“Aşıq musiqisi axşamları” layihəsi növbəti konsertini təqdim edilib
“Aşıq musiqisi axşamları” layihəsi növbəti konsertini təqdim edilib
13 Noyabr 2019 12:37 MədəniyyətBeynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı və AMEA-nın Folklor İnstitutunun dəstəyi ilə reallaşan "Aşıq musiqisi axşamları" layihəsi çərçivəsində Şirvan aşıqlarının konserti təqdim edilib.
Olaylar.az bildirir ki, layihənin əsas məqsədi şifahi ənənəli Azərbaycan musiqi mədəniyyətinin ən qədim sahələrindən biri olan aşıq sənətinin təbliğidir.
Gecədə Folklor İnstitutunun şöbə müdiri, Əməkdar mədəniyyət işçisi Elxan Məmmədli çıxış edərək Şirvan aşıq məktəbinin keçdiyi tarixi inkişaf yolundan danışıb. Bildirib ki, aşıq sənəti xalqın fəlsəfi mədəniyyətinin formalaşdığı xüsusi bədii təfəkkür sahəsidir. Sənətin bu növündə poeziya, musiqi, rəqs, ifaçılıq kimi sahələr sintez olunub. 2009-cu ildə Azərbaycan aşıq yaradıcılığı UNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilib. Layihə çərçivəsində digər aşıq məktəblərinin də ifaçılarının konsertlərinin təqdim olunacağı vurğulanıb. Konsert proqramında Şirvan aşıq məktəbinin nümayəndələrindən - Aqamurad Şirvanlı, Aşıq Abbas Musaxanoqlu, Əvəzxan Xankişiyev, Aşıq Haşım Qubalı, Aşıq Məhəmməd Şirvanlı, İnci Şirvanlı, Aşıq Xamis Xanışoğlu, Aşıq Məharət Habiloğlu, Aşıq Xəyal Niftəliyev və Aşıq Rza Məmmədov bir-birindən gözəl ifaları ilə tamaşaçıların zövqünü oxşayıb.