“Muzeylər, tekstil kolleksiyaları və qarşılıqlı əməkdaşlıq perspektivləri” mövzusunda konfrans təşkil ediləcək

“Muzeylər, tekstil kolleksiyaları və qarşılıqlı əməkdaşlıq perspektivləri” mövzusunda konfrans təşkil ediləcək

Noyabrın 14-dən 17-dək Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyi və MDB-nin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun təşkilatçılığı ilə "Muzeylər, tekstil kolleksiyaları və qarşılıqlı əməkdaşlıq perspektivləri" adlı konfrans keçiriləcək. Olaylar.az bildirir ki, Azərbaycan Milli Xalça Muzeyində baş tutacaq konfrans muzeyin təsisçisi, xalçaçı-alim, Xalq rəssamı Lətif Kərimovun doğum gününə, eyni zamanda, Azərbaycan xalça sənətinin UNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil olmasının ildönümünə təsadüf edəcək.

Azərbaycan, Türkiyə, Böyük Britaniya, Almaniya, Rusiya, İtaliya, Gürcüstan, Serbiya, Albaniya, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Argentina və Taylanddan olan mütəxəssislərin qatılacağı konfransda 39 məruzə dinləniləcək. Çıxışlar rəqəmsal dünyada tekstil muzeyləri, tekstil kolleksiyalarında innovativ iş üsulları, layihə menecmenti, kuratorluq işi və təqdimatların keçirilməsi, tekstil muzeylərində konservasiyanın özəllikləri, ziyarətçilərlə iş mövzularını əhatə edəcək.

Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikovanın kuratorluğu ilə keçirilən konfrans çərçivəsində ikigünlük akademik sessiya, muzeyin 50 illik yubileyinə həsr olunmuş "Azərbaycan Xalça Muzeyi" adlı kitabın təqdimatı, "İpək hekayətlər" sərgisinin açılış mərasimi, moda nümayişi, ustad dərsləri və mədəni proqram nəzərdə tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31