Müslüm Maqomayevin nikahdankənar oğlu Bakıya gəldi -FOTO
Daniel Foqotin görkəmli müğənninin məzarını ziyarət edib
6 İyun 2012 17:41 MədəniyyətGörkəmli Azərbaycan müğənnisi Müslüm Maqomayevin nikahdankənar oğlu Daniel Foqotin Bakıya gəlib. O, atasının məzarını ziyarət edib. ANS PRESS-in məlumatına görə, uzun illər Müslüm Maqomayevlə vətəndaş nikahında yaşayan Lyudmila Foqotinin oğlu Daniel Foqotin Fəxri Xiyabanda dəfn edilən Müslüm Maqomayevin məzarını ziyarət etmək üçün Nyu-Yorkdan Bakıya uçsa da, mətbuatla ünsiyyətdən qaçıb.
Müslüm-Daniel adlı bu şəxsin Maqomayevin 6 il birgə yaşadığı Mila Karyevanın oğludur. Mila Karyeva isə Rusiyanın məşhur bəstəkarı Boris Fiqotinin qızıdır. Əsl adı Lyudmila Foqotin olsa da Mila Karyeva kimi tanınır. O, Müslüm Maqomayevlə tanış olduğu vaxtlarda "Vsesoyuznıy" (Ümumittifaq) radioda musiqi redaktoru vəzifəsində çalışıb və azərbaycanlı müğənninin estrada nömrələrin rejissoru olub. Müslüm Maqomayevin Mila Karyeva ilə vətəndaş nikahında yaşadığını həmkarları öz müsahibələrində təsdiqləsələr də, onların birlikdə övlad sahibi olduqlarından xəbərsiz olduqlarını bildirirlər.
Mila Karyeva 70-ci illərdə ABŞ-a köçüb və Müslüm Maqomayevin oğlu olduğu iddia edilən Daniel Foqotin Amerikada dünyaya gəlib. Anası onu Müslüm-Daniel adlandırıb. Üstündən bir müddət keçdikdən sonra Mila Karyeva oğlunun Müslüm Maqomayevdən olduğunu bəyan etsə də, müğənni bunu qəbul etməyib. Müslüm Maqomayev ona mətbuat vasitəsilə belə cavab verib:
"Mən bu qadınla vətəndaş nigahında yaşamışam. Amma onun dediyi kimi 16 il yox, cəmi 6 il birlikdə yaşamışıq. Bizim uşağımız olmayıb. Əgər mənim oğlum olsaydı, heç vaxt ondan imtina etməzdim.
Əksinə, onunla fəxr edərdim. Ayrıldıqdan sonra biz normal münasibət saxlamışıq. Mila Tamara ilə də ünsiyyətdə olurdu. İndi isə... Yəqin qadın özündə olmayıb və sensasiya axtarıb."
Müslüm Maqomayevin Amerikada yaşayan birinici nikahdan dünyaya gələn yeganə qızı Marina Maqomayeva-Kozlovskaya Rusiya mətbuatına müsahibəsində Karyevanın oğlunu özünə qardaş hesab eləmədiyini açıqlayıb: "Bu mənim atamın oğlu deyil! Atam sağlığında ondan imtina etmişdi və şəxsən mənə bu sözləri demişdi: "Mən çox təmiz adamam. Heç vaxt öz uşaqlarımdan imtina etmərəm. Bu isə mənim oğlum deyil, hətta onun atasının kim olduğunu bilirəm!"
Qeyd edək, Müslüm Maqomayev 25 oktyabr 2008-ci ildə vəfat etdikdən sonra Rusiyanın "Jizn" qəzetində müğənninin ABŞ-da yaşayan nikahdankənar oğlunun mirasa iddia etdiyi yazılmışdı.