Tanınmış müğənnidən şok qanun pozuntusu

Vasif Məhərrəmli “Səhvimi düzəltdim”

Bizim yol polislərimiz şou-biznes adamlarını görəndə onların qanun pozuntularını qiymətləndirmək əvəzinə, təbəssümlə "çest" verdikləri üçün bu boyda tərbiyəsizliyi görmürlər?

Azərbaycanın tanınmış müğənni Vasif Məhərrəmli inanılmaz qanun pozuntusuna yol verib. "Qafqazinfo"nun xəbərinə görə, tanınmış sənətçi qanunları pozaraq avtomobilinə özünəməxsus dövlət nömrə nişanı vurdurub. Belə ki, müğənni "Porsche" markalı avtomobilinə öz ad və soy adının baş hərflərini, "10 V.M 500" dövlət nömrə nişanı vurduraraq göründüyü kimi seriyada hərflər arasında nöqtə qoydurub. Özü də bu nöqtə əllə və ya boyaq vasitəsi ilə qoyulmayıb. Nömrə məhz bu şəkildə hazırlanıb. "Qafqazinfo" Azərbaycan şou-biznesində digər sənətçilərdən daha çox müsbət etik davranışları ilə seçilən V. Məhərrəmovun hansı səbəbdən buna yol verdiyini öyrənə bilməyib və onun avtomobilinin fotolarını çəkib.
Portal bu məsələyə dövlət yol polisinin də münasibətini öyrənib. Yol polisinin yüksək vəzifəli şəxslərindən biri bu addımın qanun pozuntusu olduğunu, həmin avtomobilin sahibinə inzibati qaydada protokol tərtib ediləcəyini deyib. Onun sözlərinə görə, bu qanun pozuntusunun cəriməsi 60 manatdan 80 manata kimi olmaqla, həm də 4 cərimə balı ilə qiymətləndirilir. Yol polisi rəsmisi söz verib ki, müğənninin avtomobili təcili şəkildə tapılacaq və dərhal lazımı şəkildə ölçü götürüləcək.
Bu müğənninin qanuna hörmətsizliyi, özünü hamıdan üstün və fərqli göstərməsi bir yana. Lakin maraqlıdır ki, nəyə görə məhz bir media bu qanunlara hörmətsizliyi görməli və çəkməlidir. Başqa vaxt yollarda pusqu qurub camaatı güdən yol polisləri hara baxır? Yoxsa Vasif Məhərrəmov da yüksək çinlidir? Ya bizim yol polislərimiz şou-biznes adamlarını görəndə onların qanun pozuntularını qiymətləndirmək əvəzinə, təbəssümlə "çest" verdikləri üçün bu boyda tərbiyəsizliyi görmürlər?..  Hər halda bizə söz verilib ki, yazı saytda çıxan kimi dərhal ölçü götürüləcək və bu barədə portalımıza məlumat veriləcək. Biz də qanunsuzluğun aradan qaldırılması ilə bağlı xəbər verəcəyik.
Müğənni Vasif Məhərrəmli "OLAYLAR"a bildirib ki, artıq səhvini düzəldib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31