Seyran İsmayılxanovun Meral Konratla dueti Türkiyədə böyük rezonans doğurub
6 İyun 2012 14:00 Mədəniyyət"Eurovision" mahnı müsabiqəsinin seçim turlarında iştirak etsə də cəhdləri boşa çıxan müğənni Seyran İsmayılxanov heç də həvəsdən düşməyib. Belə ki, o, beynəlxalq festivalda Azərbaycanı təmsil edəcək. Bu barədə "Olaylar"a hazırda Türkiyədə yaşayan müğənni Seyran İsmayılxanovun özü məlumat verib. O bildirib ki, iyulun 1-dən 5-dək Monteneqroda keçiriləcək "Suncaneskale" mahnı festivalında iştirak edəcək: "İstanbulda yaşamağıma baxmayaraq, ürəyim hər zaman Azərbaycanla döyünür. Ona görə də müsabiqədə Azərbaycanı təmsil etmək istəyirəm. İngilis dilində, sözü və musiqisi özümə aid olan "Let the Sunshine" mahnısını ifa edəcəyəm. Bu mahnı bir neçə günə Monteneqro radiolarında səslənəcək və CD olaraq oranın bir çox musiqi marketində satılacaq". Gənc müğənni həmçinin yeni duetindən də danışıb. O, türk aktrisası, Azərbaycanın "Təhminə"si Meral Konratla duet ifa edib: "Musiqisi Emin Sabitoğlu, sözləri Anara məxsus olan "Əlvida" adlı mahnını Türkiyənin tanınmış akrtisası Meral Konratla ifa etmişəm. Bu mahnı Türkiyədə böyük rezonans doğurub və dinləyicilər tərəfindən rəğbətlə qarşılanıb".