Bakının yeni bulvarı nə vaxt açılacaq?
23 Aprel 2012 12:09 MədəniyyətDənizkənarı Milli Parkın ərazisinin genişləndirilməsi başa çatmaq üzrədir. Milli.Az-ın məlumatına görə, paytaxt sakinləri və qonaqların bulvarın yeni salınmış hissəsini görmələrinə sayılı günlər qalıb. Artıq Əl Oyunları Sarayından Dövlət Bayrağı Meydanı istiqamətində yaşıllıq zolaqları salınıb, ağaclar əkilib. Dəniz sahili boyunca, həmçinin quruya doğru əhalinin hərəkəti üçün nəzərdə tutulmuş geniş yol hazırdır, döşəmələr salınıb. Yol boyunca işıq dirəkləri, yeni və qeyri-adi skamyalar, zibil qutuları yerləşdirilib.
Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov Milli.Az-a açıqlamasında bildirdi ki, Bakı bulvarının Dövlət Bayrağı Meydanına qədər olan hissəsi mayın əvvəllərinədək tamamlanacaq. Onun sözlərinə görə, yeni bulvar yeni üslubda, nizamlanmış formada qurulub.