Teatr Xadimləri İttifaqında Nəsiminin 650 illiyi qeyd edildi
Teatr Xadimləri İttifaqında Nəsiminin 650 illiyi qeyd edildi
21 İyun 2019 15:41 MədəniyyətMədəniyyət Nazirliyi, Yeni Azərbaycan Partiyası və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə böyük mütəfəkkir şair İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibəti ilə tədbir keçirildi və "Ənəlhəqq" tamaşa-kompozisiyası təqdim olundu.
Olaylar.az bildirir ki, Teatr Xadimləri İttifaqında təşkil olunan tədbiri qurumun sədr müavini, Xalq artisti Hacı İsmayılov açaraq iştirakçıları salamladı. Bildirdi ki, ölkə başçısının müvafiq sərəncamı ilə elan olunan "Nəsimi ili" çərçivəsində silsilə tədbirlər, sənət təqdimatları keçirilir. Mədəniyyət Nazirliyi ilə YAP arasında mədəni irsimizin təbliği ilə bağlı əməkdaşlıq barədə də məlumat verən H.İsmayılov keçirilən tədbirin bu əməkdaşlığın nümunəsi olduğunu dedi.
YAP Səbail rayon təşkilatının sədri, millət vəkili Şəmsəddin Hacıyev Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2019-cu ili "Nəsimi ili" elan etməsini yüksək qiymətləndirdi. Bildirdi ki, 2017-ci ildə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə UNESCO-da Nəsiminin vəfatının 600 illiyinin qeyd olunması ilə o, Azərbaycan şairi kimi bir daha dünyaya təqdim edildi.
Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev çıxışında vurğuladı ki, ulu öndər Heydər Əliyevin Azərbaycanın mədəni, ədəbi irsinə diqqət və qayğısı sayəsində 1973-cü ildə Nəsiminin 600 illiyi qeyd edildi, balet bəstələndi, film çəkildi, əsərlər yazıldı və hamımız böyük şairi, onun zəngin irsini daha yaxşı tanıdıq.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov çıxışında Nəsiminin yaradıcılığı ilə bağlı alimlərin araşdırmaları haqqında mülahizələrini bölüşdü, ədəbiyyat dərsliklərdə yer almayan maraqlı faktları açıqladı.
Xalq artisti Rasim Babayev "Nəsimi" filminin çəkilişindən söz açdı.
Çıxışlar başa çatdıqdan sonra Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələrinin iştirakı ilə "Ənəlhəqq" tamaşa-kompozisiyası nümayiş olundu.