Kulinarlarımız “Eurovision”u süfrəyə gətirəcəklər» - TƏDBİR

Yerli  kulinarlarımız  "Eurovision-2012"-nin elementlərini süfrəyə gətirəcəklər. Bu barədə Azərbaycan Milli Kulinariya Asossiasiyası İctimai Birliyinin rəhbəri Tahir Əmiraslanov bu gün  Trend Beynəlxalq Mətbuat Mərkəzində keçirdiyi mətbuat konfransında jurnalistlərə məlumat verib:  "İyunun 7-də və 8-də Rusiyanın Çeboksarı şəhərində keçiriləcək yarışlarda iştirak edəcək Azərbaycan milli komandasının hazırlayacağı milli yeməklərə, süfrənin bəzədilməsi və dizaynına bu il Bakıda keçirilən \"Eurovision 2012\" mahnı müsabiqəsinin elementləri də əlavə olunacaq. Həmin yarışmada Azərbaycanın milli yeməkləri hazırlanarkən musiqi yarışmasının qalibi olan ölkələrin zövqləri nəzərə alınacaq. Qalib  ölkə İsveçin zövqünə uyğun olaraq kükü, Rusiya ikinci yeri tutduğu üçün nənəsayağı yemək, serblər şirniyyatı sevdiyi üçün halva deserti və bir çoх şirniyyatlar hazırlanacaq. Hər yemək süfrəsində Azərbaycan şərabları və türk şərbətləri veriləcək. Bir sözlə, "Eurovision"u süfrəyə gətirəcəyik". T.Əmiraslanov həmçinin onu da bildirib ki,  sınaqlar zamanı  ən yaxşı nəticəni kərə və bitki yağlarının qarışığından hazırlanmış \"Supersun\" yağı verdiyindən komanda bu çempionata özü ilə \"Supersun\" yağını da aparmağı qərarlaşdırıb. T.Əmiraslanov konfransda Milli Kulinariya Assosiasiyasının 2012-ci il üçün uğurlarından da danışıb:  "Mayın 12-17-də Azərbaycanın milli kulinariya komandası İspaniyanın Tenerif şəhərində keçirilən \"Həyatın dadı\" VII Beynəlxalq Kulinariya çempionatında iştirak edib. Müsabiqəyə 4 ölkə  - Azərbaycan, Ukrayna, Polşa və  İspaniya qatılıb. 2 ölkə (Serbiya və Rusiya) son anda çempionata gələ bilmədiklərini xəbər veriblər.Azərbaycandan 3 aşpaz yarışlarda 12 fərdi (hər biri 4 fərdi) sinifdə və komanda sinfində iştirak edib. Çempionatda Asya Axundova komandamıza 1 qızıl, 1 bürünc, 2 diplom (4-cü yer); Fəqan Ağayev 1 qızıl, 1 gümüş, 1 bürünc, Ağa Aşurov 1 qızıl, 1 gümüş, 1 bürünc medal qazandırıblar. Qara qutu yarışmasından isə komandamız bürünc medal qazanıb. Komandamız 13 sinifdə 11 nəticə (3 qızıl, 2 gümüş, 4 bürünc və 2 diplom) göstərib. Həmin çempionatda komandamız daha çox yerli ərzaqlardan istifadəyə üstünlük verib. \"Biz Azərbaycandan özümüzlə \"Azersun Holding\" şirkətinin istehsalı olan \"Möcüzə\" qarğıdalı, \"Möcüzə\" günəbaxan və zeytun yağları aparmışdıq. Yarış zamanı bu yağlardan yalnız biz deyil, digər komandalar da istifadə etdilər. Ukrayna komandası \"Möcüzə\" qarğıdalı yağını xüsusilə bəyəndi. Hesab edirik ki, yerli məhsulların keyfiyyəti də qazanılan nəticələrə öz müsbət təsirini göstərdi\".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31