Azərbaycanda qədim şəhər tapıldı

Arxeoloji kəşfiyyat işləri zamanı orta əsrlərə aid qədim şəhərin qalıqları aşkarlanıb

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu Biləsuvar rayonunda apardığı arxeoloji kəşfiyyat işləri zamanı orta əsrlərə aid bir neçə qədim abidə, eyni zamanda, qədim şəhərin qalıqlarını aşkarlayıb. Bu barədə Trend-ə institutun şöbə müdiri, tarix elmləri doktoru, professor Arif Məmmədov deyib.  Onun sözlərinə görə, bu gün Biləsuvar rayonunda arxeoloji qazıntı aparılan zaman "Çöl Ağdam qalası", "İçəri Ağdam qalası", orta əsrlər Şəhriyar şəhərinin qalıqları, rayonun İsmətli kəndində orta əsr yaşayış yeri və kurqanı, Səmədabad kəndində orta əsr yaşayış yeri və s. aşkarlanıb.
Arif Məmmədov deyib ki, indiyədək Şəhriyar şəhəri haqqında məlumatlar olsa da, bununla bağlı arxeoloji qazıntılar aparılmayıb.
Tarixçinin sözlərinə görə, bu şəhər, eləcə də yeni tapılan digər abidələrlə bağlı əhalinin tapıb gətirdiyi materiallar Biləsuvar Tarix Muzeyinə təhvil verilib.
Arif Məmmədov qeyd edib ki, yaxın günlərdə yeni aşkarlanan ərazilərdə arxeoloji qazıntı işlərinin aparılmasına başlanacaq. Hazırda arxeoloji qazıntı sahələri müəyyənləşdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31