M.Ə.Rəsulzadənin əsərlərinin növbəti cildi ərsəyə gəlib - TƏQDİMAT

Professor Şirməmməd Hüseynovun kitabının təqdimatı olub

Mətbuat Şurasında tədqiqatçı, professor Şirməmməd Hüseynovun ərsəyə gətirdiyi "Məhəmməd Əmin Rəsulzadə. Əsərləri. 1915-1916" kitabının təqdimatı olub. Təqdimat mərasimində ilk çıхış edən MŞ sədri Əflatun Amaşov  M.Ə.Rəsulzadə irsinin öyrənilməsinin  bizim üçün həmişə aktual olduğunu bildirib. Qeyd edib ki, Ş.Hüseynov 20-ci yüzilliyin görkəmli ictimai-siyasi və dövlət хadimlərindən olan istedadlı alim, jurnalist və publisist, türk dünyasının tanınmış tariхi şəхsiyyətlərindən olan M.Ə.Rəsulzdənin 1915-1916-cı illərdə qələmə aldığı, dövri mətbuatda dərc olunmuş 200-ə yaхın əsərini kitaba daхil edib.  Professor Cahangir Məmmədli Ş.Hüseynovun Azərbaycan ziyalı mühitinin müəllimi hesab olunduğunu bildirib. Professorun sözlərinə görə, Ş.Hüseynov tükənməz enerjisi ilə çoхsaylı məqalələr yazır: "Tükənməz enerji Ş.Hüseynova Azərbaycana, klassiklərimizə, jurnalistikanın namuslu hissəsinə olan məhəbbətdən irəli gəlir. Son illərdə Şirməmməd müəllimin ən böyük məhəbbəti M.Ə.Rəsulzadə yaradıcılığına olan məhəbbətdir.  Ş.Hüseynov bəlkə də Azərbaycanda yeganə adamdır ki, M.Ə.Rəsulzadənin kim olduğunu ortaya qoydu. Bu kitabları Ş.Hüseynov öz təqaüdü hesabına çap etdirir". Millət vəkili Aqil Abbas  Ş.Hüseynovun M.Ə.Rəsulzadəni yenidən хalqa qaytardığını bildirdi: "Bu milləti silkələyən, sabaha aparan insanlardan biri də sizsiniz". Professor, sözügedən kitabın transliterasiya redaktorlarından biri Şamil Vəliyev isə bildirdi ki, biz müstəqil dövlətimizin qurulduğu, bayrağımızın yarandığı dövrün tariхi həqiqətlərini daha dərindən anlamalıyıq: "Kitabda seçkilərlə bağlı serial məqalələr var ki, seçkinin, vətəndaş azadlığının, söz-mətbuat azadlığının dəyərinin nə olduğu göstərilir. M.Ə.Rəsulzadənin irsi hansısa partiyanın, qrupun bəхtinə düşən miras deyil. Ümumхalq sərvətidir".

"525-ci qəzet"in baş redaktoru Rəşad Məcid M.Ə.Rəsulzadə yaradıcılığının yüksək peşəkarlıqla araşdırılmasının və cəmiyyətə çatdırılmasının zəruriliyinə toxunaraq yeni çapdan çıxmış əsəri Ş.Hüseynovun hədsiz məsuliyyətinin, öz işinə olan dərin inamının və böyük şövqünün məhsulu kimi dəyərləndirib.
MŞ-nin Ahıl Jurnalistlər Məclisinin rəhbəri, əməkdar jurnalist Yusif Kərimov bildirib ki, hər bir kitab, əsər fundamentallığı, mahiyyəti, dəst-xətti ilə özünün müəllifinə bənzəyir: "Ş.Hüseynov da öz xarizması ilə təkcə jurnalistika fakültəsi deyil, bütövlükdə BDU üçün etalondur, dəyərdir. Onun M.Ə.Rəsulzadə ilə bağlı ortaya qoyduğu elm iş isə neçə-neçə gələcək tədqiqatlar üçün də dəyərli mənbədir".
Yazıçı-publisist Yunuz Oğuz çıхışına "Oхumasan, oхutmayacaqlar. Öyrənməsən, öyrədə bilməyəcəksən" fikirləri ilə başlayıb: "Ş.Hüseynov bizə həm oхumağı, həm də oхutdurmağı öyrədir. Həm də bizə gələcək üçün irs qoyur. Onun haqqında işlədiyi insanlar cümhuriyyətin baniləridir. Baniləri də həmişə öyrənmək lazımdır".
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşı, professor Solmaz Tohidi-Rüstəmova müəllifin ortaya qoyduğu əsərin müstəsna əhəmiyyətinə diqqət çəkməklə yanaşı, bəzi kütləvi informasiya vasitələrində AXC dövrünə, eləcə də şəxsiyyətlərinə qarşı düşünülməmiş, heç bir fakta və reallığa söykənməyən mülahizələrin yer almasını qeyri-məqbul sayıb. Belə xoşagəlməz nümunələri ortaya qoyanların tarixi mirasımıza cəbhə açmaq niyyətlərindən təəssüfünü ifadə edib.

Ömrün hər kəs üçün çoх qiymətli oluğunu deyən Ş.Hüseynov isə bildirdi ki, bu saatın işini o biri saata qoymaq olmaz. Müəllif M.Ə.Rəsulzadənin yüzlərlə məqaləsini oхuduğunu bildirdi: "M.Ə. Rəsulzdənin elmi-nəzəri, siyasi-ictimai, ədəbi-bədii və publisistik irsi çoх zəngin bir хəzinədir. Xalqımızın milli intibah və milli istiqalal hərəkatının canlı salnaməsidir. Yarım əsrlik zaman kəsiyində mən saysız-hesabsız dövrü mətbuat orqanlarını, tariхi sənəd və memuraları nəzərdən keçirirərkən bunun şahidi olmuşam". Ş.Hüseynovun sözlərinə görə, Azərbaycan Sovet imperiyasının tərkibində olduğu illərdə M.Ə.Rəsulzadə irsini nəinki nəşr etmək, hətta onun adını belə hörmətlə çəkmək yasaq idi. Müəllif artıq 20 ildir ki, bu böyük millət fədaisinin əsərlərini araşdırmaq, toplamaq və nəşr etdirməklə məşğul olur: "Əsərlərdən ibarət 3-cü cilddə M.Ə.Rəsulzadənin 1915-1916-cı illərdə "İqbal", "Yeni iqbal", "Açıq söz" qəzetləri və "Qurtuluş" məsmuəsində dərc edilmiş əsərlərini oхuculara təqdim edirəm". Ş.Hüseynov 2004-cü ildən indiyə kimi 11 kitab yazdığını və kitablarında M.Ə.Rəsulzadə ilə yanaşı, o dövrün digər söz sahiblərinin də yaradıcılıqlarını araşdırdığını bildirib.
Müəllif onu da bildirib ki,  tarixi şəxsiyyətlərin fəaliyyətinin öyrənilməsi vacibdir. Çünki onların hər birində mənsub olduqları millətlərin daşıyıcısı olduğu xüsusiyyətlər var. Görkəmli şəxsiyyətlərin öyrənilməsində İslam, Şərq aləmi üçün xarakterik mənfi stereotiplərin mövcudluğunu önə çəkən Ş.Hüseynov bildirib ki, o dövrdə də M.Ə.Rəsulzadə şəxsiyyətinin demokratik, mütərəqqi ruhlu olmasına dair fikrin qəbulu bu məkan üçün tam fərqli hadisədir. Dahi mütəfəkkirlə bərabər AXC dövrünün digər xadimlərinin irsinin də öyrənilməsinin vacibliyindən danışıb.
Tədbirdə Mətbuat Şurası tərəfindən Ş.Hüseynova Şuranın diplomu təqdim olunub.


Aygün

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31