BAXIŞ BUCAĞI - Elçin Hüseynbəyli…

Çingiz Abdullayev Xalq yazıçısı

Çingiz Abdullayev

Xalq yazıçısı

Çoxəsrlik ədəbiyyatımıza yeni çalarlar qatan Elçin Hüseynbəyli...

Xeyli vaxtdır ki, yazıçı və şairlərimizə aşkar qiymət verməkdən çəkinirəm. Azərbaycan Yazıçılar Birliyinin katibi ola-ola hamıya ucdantutma dəyər vermək olmaz.  Tənqid yaradıcı insanı məhv edə, boğazdanyuxarı tərif isə özündənrazılıq hissi yarada bilər. Yəqin elə ona görə də AYB-yə üzv olmaq istəyənlərə Birliyin katiblərinə zəmanət vermək qadağan edilib. Çünki bu, qəbul komissiyasının işinə mənfi təsir göstərə bilər.

Ancaq son zamanlar Azərbaycan ədəbiyyatına yeni nəsl gəlib və onlardan bəziləri özlərini yaxşı tərəfdən göstərə biliblər. 90-cı illərin əvvəllərində, SSRİ-də hər-şey alt-üst olandan sonra ölkəmizdə maraqlı nasir və şairlər yetişməyə başladı. Onlardan biri də özünəməxsus yaradıcılığı ilə seçilən, istedadlı nasir Elçin Hüseynbəylidir. Moskva Dövlət Universitetinin əlaçı məzunu olan Elçin Hüseynbəyli keçmiş sovetlərdən nəsə "qopara" bilib, amma onun prozası müstəqillik dövründə formalaşıb. İlk hekayələrindən o,  qeyri-adi talanta malik olduğunu sübut etdi. Mən onun "Boz eşşəyin məktubları"nı Natiq Rəsulzadənin eşşək balası haqqında hekayəsilə müqayisə edərdim, çünki həmin hekayəni Azərbaycan ədəbiyyatının şedevri sayıram. Qaçaqaç zamanı sahiblərindən ayrı düşən, yurdda tək qalan hekayənin qəhrəmanı sözlərini belə bitirir: "Nə qədər anqirsam da, səsimə səs verən olmadı, heç olmasa, sən də bir ağız biz tərəfə anqır". Məyər vətənsizlik yalnız insanlara məxsusdur?

Daha sonra "Gözünə gün düşür" hekayəsi gəlir. Bu hekayədə çarəsiz xəstəliyə tutulmuş bir həkim erməni işğalı altında olan kəndlərinə gedir ki, öz doğma qəbiristanlıqlarında, atasının qəbirinin yanında həyata əlvida desin. Bu təsirli hekayə müharibənin mənasız olduğunu bir daha nümayiş etdirir. Bəs "Balıq-adam" romanı? Bu əsərdə elə bir məqam var ki, hər bir kişiyə məlumdur. Həyat yoldaşından zorla ayrılan əsərin qəhrəmanı deyir: "Hər gecə arvadımı balıq kimi tutur, səhərə yaxın isə buraxırdım."  Onun bəzi kəlamları sufilərin fəlsəfəsini xatırladır: "Keçmişi olmayanan yaddaşı, yaddaşı olmayanın gələcəyi ola bilməz. Yaddaşsız insan qoxusuz çiçək kimidir..." ("Yovşan qağayılar").

İstedadla yazılmış hər bir əsər ilahi mahiyyəti əks etdirir:  sufizmin başlıca postulatı kimi. Amma İslam asketizmini sındıraraq. Bir şey də önəmlidir ki, Elçin öz əsərlərini azərbaycanca yazır və bununla da çoxəsrlik ədəbiyyatımıza yeni çalarlar, rənglər qatır.  Onun "Don Juan" romanını ədəbiyyat tənqidçiləri nəsrimizdə  "tarixi-sintetik" hadisə kimi qiymətləndirirlər. 

Elçin Hüseynbəylinin "Qırmızı bantlı..."  çoxqatlı hekayəsi sünnət olunan oğlanla, onun sevdiyi quzunun qurban verilməsi fonunda təsirlidir və Nahib Məhfuzun epik əsərlərinə dartıb aparır: "Ev sizin doğulduğunuz yer deyil, ev o yerdir ki, orada sizin qaçmaq cəhdləriniz bitir..." - deyə dahi misirli nasir hesab edir.

Hər bir mükəmməl nəsr beynəlmiləldir, çünki zamandan və millətdən üstündür. Həm də ona görə ki, həyat, sevgi, qısqanclıq, ölüm, insan münasibətləri və xoşbəxtlik haqqındadır.  Bununla belə, hər bir proza milli köklərə dayanmalıdır, əks halda  heç kimə maraqlı olmayan, ikinci sort əsərə çevriləcək.

Elçinin nəsrində publisistik məqamlar da gözə çarpır. Görünür, bu, onun yaşadığı, yaratdığı  çevik zamanla bağlıdır. Amma Şərq ölçülüəriylə o, hələ cavandır.

Və biz inanırıq ki, bundan sonra da o, ədəbiyyatımızda dərin izlər qoyacaq bir çox əsərlərə imza atacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31