Niderlandda yaşayan azərbaycanlı yazıçının kitabının təqdimat mərasimi olacaq

Aprelin 23-də Bakıda Azərbaycan Kinematoqrafçılar İttifaqının akt zalında "Ana Vətən" Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri, Azərbaycan və Niderland Yazıçılar Birliklərinin üzvü Gülşən Lətifin "Bir çətir altında" kitabının təqdimat mərasimi keçiriləcək. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a bildirilib ki, "Bir çətir altında" hekayə və povestlər toplusu dövrümüzün müxtəlif ölkələrdəki insanlarının həyatından bəhs edir. Kitab iki bərabər hissəli silsilədən  - "Xoşbəxtliyin oğurlanmış anı" və "Yağışdan yorulanlar"-dən ibarətdir. Qeyd edək ki, "Bir çətir altında" hekayə və povestlər toplusu müəllifə "Rusiya xalqlarının XI Artiadası" incəsənət festivalının "Ədəbiyyat" nominasiyası üzrə layreatı adını qazandırıb. 2006-cı ildə Dünya Azərbaycanlılarının Koordinasiya Şurasına üzv seçilən Gülşən Lətif  2007-ci ildən "Ana Vətən" Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədridir. 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə xanım Gülşən Lətifə "Əməkdar incəsənət xadimi" fəxri adı verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31