İlham Əsgərov başgicəllənməsindən əziyyət çəkir
Məzuniyyətə çıxan aktyor bir müddət teatra getməyəcək
29 May 2012 13:15 MədəniyyətFilm dublyajı zamanı səhhəti qəflətən pisləşən xalq artisi İlham Əsgərovun vəziyyəti yaxşılaşıb. Aktyordan aldığımız xəbərə görə, artıq o, Mərkəzi Klinik xəstəxanadan evə göndərilib. Hazırda özünü yaxşı hiss etsə də baş gicəllənməsinin hələ də onu narahat etdiyini deyən xalq artisti hazırda məzuniyyətdədir: "Evdəyəm, müalicəmi davam etdirirəm. Çox çalışdığıma görə səhhətimə diqqət ayırmağa vaxtım qalmır. Ona görə də dubluaj zamanı başım gicəlləndi və halım pisləşdi. Hələ ki teatra getmirəm, məzuniyyət götürmüşəm. Başgicəllənməm keçməyib. Ayağa qalxanda başım gicəllənir".
Qeyd edək ki, 47 yaşlı xalq artisti İlham Əsgərov iki il əvvəl beyin insultundan müalicə olunub. Həkimlər ona gərgin iş rejimindən uzaq olmağı tövsiyə ediblər.