“Mədəniyyət naminə elm” layihə çərçivəsində növbəti tədbir

6 iyul 2018-ci il tarixində Azərbaycan Milli İncəsənət Muzeyində "Mədəniyyət naminə elm" layihəsi çərçivəsində növbəti elmi seminar keçirildi. Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin və həmin muzeyin təşkilati dəstəyi ilə ilə baş tutan seminar "Cəmiyyətin inkişafında mədəniyyətin rolu" mövzusuna həsr edilmişdir.

Tədbiri giriş sözü ilə açan Mərkəzin elmi katibi Cavid Əliyev seminarın əhəmiyyətindən,  qarşıya qoyulan məqsədlərdən bəhs etdi. O, əməkdaşı olduğu Mərkəzin Mədəniyyət Nazirliyinin mədəniyyət siyasətinin həyata keçirilməsində oynadığı rola və üzərinə düşən vəzifələrə toxundu. Qeyd etdi ki, "Mədəniyyət naminə elm" layihəsinin silsilə tədbirlər şəklində təşkili mədəniyyət siyasətinin həyata keçirilməsində elmi potensialın artırılmasına, əməkdaşların elmi səviyyəsinin yüksəldilməsinə xidmət edir.

Daha sonra çıxış üçün söz pedaqoji elmlər doktoru, professor, əməkdar elm xadimi, ADPU-nun ibtidai təhsil fakültəsinin dekanı Fərrux Rüstəmova verildi. "Cümhuriyyət dövründə elm, təhsil, mədəniyyət" mövzusunda çıxış edən tanınmış elm xadimi iki ilə yaxın davam edən müstəqillik dönəmində görülən işlərdən, elm, təhsil, mədəniyyət sahəsində əldə edilən nailiyyətlərdən söz açdı. Qısa zaman ərzində hər üç sahə üzrə böyük məsafə qət edildiyini vurğulayan natiq bu gün də həmin siyasətin uğurla davam etdirildiyini nəzərə çatdırdı.

Tədbirdə bağlanış nitqi ilə çıxış edən Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev ilk öncə muzey rəhbərliyinə, seminar iştirakçılarına və qonaqlara təşəkkürünü bildirdi. Diqqəti layihənin əhəmiyyətinə yönəldən Mərkəzin direktoru əsas məqsədin respublikanın elmi potensialını mədəniyyət sahəsinin inkişafına yönəltmək olduğunu vurğuladı, bu cür tədbirlərin gələcəkdə də mütəmadi olaraq keçiriləcəyini qeyd etdi.

Tədbir daha sonra sual-cavab formatında davam etdirildi. İştirakçılar mövzu ilə bağlı fikir və mülahizələrini bildirdilər, onları maraqlandıran suallar ətrafında fikir mübadiləsi apardılar.

Sonda Azərbaycan Milli İncəsənət Muzeyinin elmi işlər üzrə direktor müavini Xədicə Əsədova Mərkəz tərəfindən təltif olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31