Beynəlxalq Muğam Mərkəzində "Nəsimi Dünyası"

Beynəlxalq Muğam Mərkəzində millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İB və "Azərsun Holdinq" İdarə Heyətinin üzvü, Nəsimi yaradıcılığının sevdalısı Tahir Gözəlin dəstəyilə Azərbaycanın böyük şairi, ustad İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş "Nəsimi dünyası" adlı tədbir keçirilib.

Olaylar.az xəbər verir ki, tədbirdə millət vəkilləri, alimlər, incəsənət xadimləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan millət vəkili Qənirə Paşayeva bildirib ki, bu isti yay günlərində bu qədər dəyərli insanın bu zalı doldurması və sevgi ilə gəlməsi sözün həqiqi mənasında  Nəsimiyə verilən böyük dəyərdir:

"Mən Nəsimi dünyasına çox kiçik yaşlarımdan daxil olmuşdum. O dünya elə böyük idi ki, onun arxasınca Suriyaya, Hələbə qədər getdik. Nəsiminin məzarını ziyarət etdiyim zaman içimdə qəribə duyğular keçirmişdim. Yadımdadır ki, Ümumilli liderimiz Heydər Əliyevlə xarici ölkələrin birinə səfər zamanı jurnalistlərlə söhbət edəndə ona dedim: "Nəsiminin qəbrinin Azərbaycanda olması necə gözəl olardı. Ümummilli liderimiz Nəsimi ilə onun dünyası ilə bağlı çox maraqlı məlumatlar danışdı".

Millət vəkili bildirib ki, Nəsiminin yaradıcılığının təbliği dövlət siyasətimizdə önəmli yer tutsa da, Nəsimini mədəniyyətimizdə, televiziya kanallarında, məclislərdə yetərincə dinləyə, eşidə, görə bilmirdik:

"Nəsiminin böyüklüyü ondan ibarət idi ki, onun yaradıcılığının mərkəzində insan dururdu. İnsan obrazı Nəsimi qədər heç kimin yaradıcılığında möhtəşəm deyil. Çünki Nəsimi insan anlayışına bir başqa yanaşırdı. O insanları özlərini tanımağa, kim olduqlarının fərqində olmağa çağırırdı. Nəsimi şəriət və təriqət mərtəbəsindəkilərin anlayacağından çox yuxarıda, həqiqət mərtəbəsində dayanan böyük bir şəxsiyyət idi".

Qənirə Paşayeva qeyd edib ki, müsəlman dünyasının xilasının yolu, cahilliklə mübazarizə aparmaqla bərabər Nəsimi kimi böyük şəxsiyyətləri, ustadları daha dərin öyrənməkdən keçir.

Millət vəkili hər kəsi mədəniyyətimizə töhfə verəcək layihələrə dəstək verməyə çağırıb.

ASAN Radio vasitəsilə canlı olaraq yayımlanan tədbirdə "Nəsimi" filmindən qısa fraqmentlər nümayiş olunub. Bundan sonra gecə konsert proqramı ilə davam edib.

Nigar Orucova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31