Azərbaycan klassik musiqisi ilk dəfə uzaq Nigeriyada
21 İyun 2018 14:32 MədəniyyətNigeriyada fəaliyyət göstərən Azərbaycanın Dostları Təşkilatının təşəbbüsü və dəstəyi ilə bu ölkənin paytaxtı Laqosda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş "İpək yolu" adlı Azərbaycan gecəsi keçirilib.
Olaylar.az bildirir ki, Azərbaycanın Dostları Təşkilatının sədri Billurə Bayramovanın təşkilatçılığı ilə gerçəkləşən bu tədbir Nigeriyada Azərbaycan mədəniyyətinin təbliği sahəsində ilk tarixi hadisədir. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilən tədbir həm də uzaq Nigeriyada Azərbaycan musiqisinin və mədəniyyətinin ilk dəfə geniş kütləyə təqdimi ilə yadda qalıb. Laqosun Muson Musiqi Mərkəzində baş tutan tədbirdə Nigeriyada fəaliyyət göstərən 30-dan artıq ölkənin konsulluq və səfirliklərinin rəsmiləri iştirak edib. İtaliya, Polşa, Albaniya, Fransa, Mərakeş, Qaana və s dövlətlərdən 350-dən çox tamaşaçının iştirak etdiyi tədbirdə Əməkdar artist, Beynəlxalq müsabiqələr laureatı, tarzən Sahib Paşazadənin, Fransada fəaliyyət göstərən pianoçu Səidə Zülfüqarovanın, tenor Josef Oparamanukinin və alban əsilli İsveçrə vətəndaşı, soprano Teuta Nikolet-dit Feliksin klassik və xalq mahnılarımızı, eləcə də əcnəbi musiqiçilərin əsərlərini məharətlə ifa etmələri hamının zövqünü oxşayıb.
Gecədə tarzən Sahib Paşazadə və Səidə Zülfüqarova Azərbaycan bəstəkarlarının əsərləri və muğam parçalarından ibarət musiqi nömrələri təqdim ediblər. Gecədə Ü. Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Arif Məlikov, Həsən Rzayev, Vasif Adıgözəlov, Fərhad Bədəlbəylinin əsərləri, "Çahargah" və "Segah" muğamlarından parçalar, Avropa bəstəkarlarından nümunələr böyük maraq və alqışlarla qarşılanıb. Əməkdar artist Sahib Paşazadə səfər təəssüratlarını bölüşərkən bildirdi ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş bu tədbir böyük təntənəsi ilə yadda qaldı. Tədbirdən sonra Azərbaycan mətbəxinin nümunələri, UNESCO-nun maddi mədəni irs siyahısına daxil edilən nümunələr və şirniyyatlarımız qonaqlara təqdim edildi.