“Qəm pəncərəsinin o üzündə” kitabı xalq yazıçısı Anarın 80 illik yubileyinə bir töhfədir

İyunun 20-də Beynalxalq Mətbuat Mərkəzində sənətşünaslıq üzrə fəlsəfə doktoru Zülfiyyə Eldarqızının xalq yazıçısı Anarın kino yaradcılığını əhatə edən "Qəm pəncərəsinin o üzündə" adlı monoqrafiyasının təqdimat mərasimi keçirilib. Konfransda eyni zamanda Zülfiyyə Eldarqızının elmdə, sənətdə və səhnədəki 20 illik fəaliyyətini əks etdirən "Bütün gözəlliyi Tanrım o sərvinazə verib" adlı kitab da təqdim olunub. Tədbirdə millət vəkilləri, ictimai-siyasi xadimlər, şairlər iştirak ediblər.

Əsasən tarixi gerçəklikləri araşdıran, Milli Qəhrəmanları, Qarabağ müharibəsini mövzu seçən və bu mövzularla bağlı onlarla kitabın müəllifi olan Hikmət Xudiyev yaradıcılığının növbəti mərhələsində mədəniyyət sahəsinə üz tutmağını, sənətçi xanım haqqında kitab yazmağının səbəbini belə açıqlayıb: "Mədəniyyətdən, teatrdan, bədii qiraətdən yazmaq mənim üçün çətin oldu. Bu kitabı yazarkən bir çox görkəmli sənət adamlarının dəyərli həyatına müraciət etdim. Qadın sənətçiyə gəldikdə isə, mənim üçün xanımların sənəti deyil, onların ləyaqəti, əxlaq və mənəviyyatı, xanım olaraq ailəsinə və ömür-gün yoldaşına sədaqəti, ana cəfakeşliyi, Azərbaycan dövlətçiliyinə bağlılığı, vətənpərvərliyi, ədalətsevərliyi, sənətinə vurğunluğu diqqətimii cəlb edə və kitabımın qəhrəmanı ola bilər. "Bütün gözəlliyi Tanrım o sərvinazə verib" adlı kitabın qəhrəmanı Zülfiyyə Eldarqızı kimi. Yuxarıda sadaladığım keyfiyyətlər hər hansısa xanımın şəxsiyyətində ehtiva olunursa, o kosmos sahəsində fəaliyyət göstərərsə belə, fəaliyyət sahəsini öyrənərək onu vəsf etmək biz jurnalistlərin borcudur.

Qeyd edək ki, müəllifin "Qəm pəncərəsinin o üzündə" kitabı xalq yazıçısı Anarın 80 illik yubileyinə bir töhfədir. Kitabın elmi redaktoru akademik Teymur Kərimli, rəyçiləri isə professor Qulu Məhərrəmli və professor İlham Rəhimlidir.

Kitabda respublikamızın tanınmış mədəniyyət və incəsənət xadimlərinin, ziyalıların, sənət adamlarının Zülfiyyə Eldarqızı haqqında fikirləri də yer alıb. Professor Nizaməddin Şəmsizadə, yazıçı-dramaturq Aqşin Babayev, xalq artisti Canəli Əkbərov, xalq artisti Həmidə Ömərova, xalq artisti Simarə İmanova, professor Gülşən Əliyeva, yazıçı dramaturq Əli Əmirli, şair Baba Vəziroğlu, əməkdar artist Azad Şükürov, yazıçı drammaturq Elçin Hüseynbəyli, aktyor Əjdər Zeynalov, rejissor Vaqif Azəryar, şair İlham Qəhrəman, dosent Nadir Hüseynov, dosent Kəmalə Mehdiyeva sənətçi xanım haqqında ürək sözlərini bildiriblər.

Nigar Orucova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31