“Əlibəy Hüseynzadə” kitabının Türkiyədə təqdimatı olub

İstanbul universitetində millət vəkili Qənirə Paşayeva və yazar Azər Turanın Türkiyə türkcəsində "Əlibəy Hüseynzadə" kitabının təqdimat mərasimi keçirilib. "OLAYLAR"-a daxil olan məlumatda bildirilib ki, təqdimat mərasimini təşkil edən Türk Ocakları İstanbul şöbəsinin sədri Cezmi Bayram  çıxışında deyib ki, bu kitab vasitəsiylə biz Türk ocaklarının yaradlımasında ikinci önəmli şəxsiyyət olan böyük  mütəfəkkir  Əhməd Ağaoğlunu da daha yaxından tanımış olduq. Təqdimat mərasimində "1920-1960-cı illər arasında İstanbul universitetində işləmiş Azərbaycan mənşəli alimlər" mövzusunda çıxış edən İstanbul universitetinin professoru İbrahim Yıldırım deyib ki, Türkiyənin ən qədim təhsil ocağında Azərbaycandan gəlmiş elm adamlarının dərs deməsinin təməlini Əlibəy Hüseynzadə atıb. Millət vəkili Qənirə Paşayeva çıxışında bildirib ki, Sovet imperiyası nə qədər çalışsa da, bizi öz milli kimliyimizdən ayrı sala bilməyib: "Sovetlərin dağılmasından sonra böyük aydınlarımızın həyat və fəaliyyətinin öyrənilməsi bizim üçün əsas məsələlərdən biri idi. Mən də bu sahədə əlimdən gəldiyi qədər işlər ortaya qoymağa çalışıram". Təqdimat mərasimində çıxış edən Əlibəy Hüseynzadənin qızı Feyzaver Alpsar atası haqqında kitabın yazarlarına və təqdimat mərasiminin təşkilatçılarına təşəkkürünü bildirib. Millət vəkili Qənirə Paşayeva və yazar Azər Turanın Türkiyədə çıxmış "Əlibəy Hüseynzadə" kitabının İstanbul universitetindəki təqdimat mərasimində Azərbaycanın İstanbuldakı baş konsulluğunun konsulu Ceyhun Məmmədov da iştirak edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31