Televiziyada yeni SERİAL - "Keçmişin izində"
12 İyun 2018 14:21 MədəniyyətXəzər televiziyasında yeni yayımlanmağa başlayan və böyük maraqla izlənən "Keçmişin izində" serialında əsas rollardan birini canlandıran Müdhət Aydın Olaylar.aza bildirib ki, hal-hazırda çəkilişlər uğurla davam edir, artıq iki seriya yayımlanıb və reytinqlər istənilən səviyyədədir: "Serial 65 seriya nəzərdə tutulub. Kriminal aləm mövzusunda çəkilən serialın ssenarisi real hadisələr əsasında yazılmayıb, obrazlar və hadisələr uydurmadır. Əsər Kamran Cəfərovun "Şifrələnmiş Braille" romanının motivləri əsasında çəkilib".
Serialdakı hadisələr haqqında geniş məlumat verən məşhur aktyor vurğuladı ki, hadisələr 20 il əvvəldən başlayır, bu günə olan xatirə kimi yada düşür. Bir avtoritetin ailəsi ilə baronlar dəstəsi arasında münaqişə yaşanır. Müdhət Aydının canlandırdığı baş baron Xəqani, Rasim Balayevin canlandırdığı Rəsul rolunun ailəsini illər öncə od vuraraq yandırırlar: "Xarakterimə zidd olmasına baxmayaraq çox zaman kriminal rollarda oynayıram. Yaxın günlərdə eyniadlı kriminal roman əsasında çəkilmiş "Təlatüm" filmi yayımlanacaq. Orada Həmid rolunu canlandırmışam. Rol aldığım filmlərdə ən bəyəndiyim rol məhz, Həmid rolu olub. Yeganə müsbət obrazım "Sarı gəlin" bədii filmində Fətullah obrazıdır".
Yaradıcılığında mənfi və müsbət obrazları məharətlə canlandıran Müdhət Aydın qeyd etdi ki, bütün rollarını gözəl canlandırmağa çalışıb. Bizim məktəbimiz güclü olub. SSRİ xalq artisti Ədil İsgəndərov məktəbi bitirmişik. Xalq artisti Tofiq Kazımov, Nəsir Sadıqzadə kimi dahilərdən dərs almışıq. İndi də işlərimiz davam edir".
Müdhət Aydın bundan öncə də bir neçə proyektlərdə, bədii filmlərdə yadda qalan obrazlar canlandırıb. 40 seriya davam edən "Durnalar qayıdanda", 65 seriyalıq "Göyçək Fatimə" seriallarında rol alıb. Rejisor Məhərrəm Bədirzadənin Ənvər Seyidovun ssenarisi ilə çəkdiyi, 4 bədii televizya filmində, "Təlatüm", "Gürzə", "Ünvansız eşq" və "Dələdüzlar" bədii filmlərində bir sıra obrazları canlandırıb.
Qeyd edək ki, Müdhət Aydın 2010-cu ildə Azərbaycandan 83-cü Oskar mükafatının "Xarici dildə ən yaxşı filmə görə" nominasiyasına göndərilmiş "Sahə" filmində də rol alıb.
Xatırladaq ki, serial həftənin bazar günləri, saat 22:10-da yayımlanır. Serilanın quruluşçu rejisoru Sərdar Gözəlov, baş prodüsseri və ssenari müəllifi Kamran Cəfərovdur.
Müdhət Aydın bildirdi ki, serialda onunla birlikdə, tanınmış aktyorlardan xalq artisti Rasim Balayev, Nazim Rüstəmov, İdris Rüstəmov, Mətanət Atakişiyeva, Ülviyyə Ramazanova, Şirzad Pirallahı, Məhərrəm Musayev və başqa dəyərli aktyorlarımız rol alıblar.
Nigar Orucova