Azərbaycanda ədəbiyyatın və mütaliənin inkişaf etdirilməsi bizim layihənin əsas funksiyasıdır - Tale Heydərov
Bu gün Bakıda ən böyük “LİBRAFF” mağazasının açılış mərasimi keçirilib. 2017-ci ildə yaradılmış “LİBRAFF” Azərbaycanda ən böyük modern kitab mağazaları şəbəkəsidir. “LİBRAFF”lar paytaxtımızın əsas görkəmli yerlərində, Heydər Əliyev Beynəlxalq Hava Limanında və tanınmış ticarət mərkəzlərində, həmçinin Gəncədə oxucuların xidmətinə verilib.
8 İyun 2018 21:11 MədəniyyətBu gün Bakıda ən böyük "LİBRAFF" mağazasının açılış mərasimi keçirilib. 2017-ci ildə yaradılmış "LİBRAFF" Azərbaycanda ən böyük modern kitab mağazaları şəbəkəsidir. "LİBRAFF"lar paytaxtımızın əsas görkəmli yerlərində, Heydər Əliyev Beynəlxalq Hava Limanında və tanınmış ticarət mərkəzlərində, həmçinin Gəncədə oxucuların xidmətinə verilib.
Olaylar.az bildirir ki, tədbirdə Xalq yazıçısı Çingiz Abdullayev, Avropa Azərbaycan Cəmiyyətinin (AAC - TEAS) sədri və təsisçisi Tale Heydərov, mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, millət vəkilləri Qənirə Paşayeva, Musa Qasımlı, Əflatun Amaşov, Hikmət Babaoğlu, Aqil Abbas, Ailə, Qadın, Uşaq komitəsi sədrinin müavini Aynur Sofiyeva, Real TV-nin rəhbəri Mir Şahin, ATV-nin rəhbəri Azər Xəlilov, Əməkdar artist Tahir İmanov, Bəhram Bağırzadə, tanınmış yazıçılar, mədəniyyət və elm xadimləri, ədəbiyyatsevərlər, jurnalistlər istirak edib.
AAC-nin sədri və təsisçisi Tale Heydərov açılış nitqində bildirib ki, bu, Azərbaycandakı ən böyük "Libraff" mağazasıdır. O, mağazanın üstünlüklərindən, yeniliklərindən bəhs edib: "Libraff" mağazaları Bakının müxtəlif yerlərində, ticarət mərkəzlərində, hava limanında və Gəncədə oxucuların ixtiyarına verilib. Biz bu layihəni yaradarkən qarşımıza müxtəlif məqsədlər qoymuşuq. Kitab satışı ilə bərabər, Azərbaycanda ədəbiyyatın və mütaliənin inkişaf etdirilməsi bizim layihənin əsas funksiyalarından biridir. Bu mağazanın yerindən tutmuş, xidmət tərtibinədək hər şey məqsədəuyğun seçilib. Oxucular yalnız kitab almaq deyil, eyni zamanda burda mütaliə etmək şansı əldə edəcəklər. Bura kitab mağazası olmaqla bərabər, həm də kitabxana kimi fəaliyyət göstərəcək. Bu layihə ilə Azərbaycanda kitab ticarətinin inkişafını da qarşımıza məqsəd qoymuşuq. İnanırıq ki, bura oxucuların ən sevimli kitab mərkəzlərinin birinə çevriləcək".
T. Heydərov əlavə edib ki, "Libraff" kitab mağazalarının təşkilində "TEAS Press"in yaradılmasının böyük rolu olub: "Artıq bizim müxtəlif brendlər - "Teas Press", "Üç alma" və "Yay" brendləri oxucular arasında böyük rəğbət qazanıb. Bu brendlər təkcə Azərbaycanda deyil, ölkədən kənarlarda da rəğbəti qazanıb. Artıq fəxrlə deyə bilərik ki, "TEAS Press" Türkiyədə ilk onluğa daxil olub".
TEAS sədri bununla bərabər, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar müxtəlif kitabların təqdimatını təşkil etdiklərini də qeyd edib: "Bildiyiniz kimi, cənab prezident İlham Əliyev 2018-ci ili Azərbaycanda "Cümhuriyyət ili elan edib", bununla bağlı müvafiq sərəncam imzalayıb. Bu il Cümhuriyyətlə bağlı müxtəlif tədbirlər keçirilməkdədir. Bu tədbirlərə Avropa Azərbaycan Cəmiyyəti olaraq biz də qoşulmuşuq, müxtəlif kitabların çapına start vermişik. Bunlardan ən böyüyü ilk dəfə Türkiyə arxivinə və mətbuatına əsaslanıb hazırlanmış, Azərbaycan Xalq Cümhuriyyətiilə bağlı dörd cildlik kitabdır. Bundan əlavə, 1923-1927-ci illəri əhatə edən və Məhəmməd Əmin Rəsulzadənin başçılığı ilə nəşr olunmuş dörd cildlik "Yeni Kafkasiya" dərgisini də çap etmişik".
Mədəniyyət nazirinin müavini Vaqif Əliyev "Libraff" kitab mağazasının açılışını yüksək qiymətləndirib, bunun Azərbaycan ədəbiyyatı və oxucular üçün böyük töhfə olduğunu deyib: "Mədəniyyət Nazirliyi adından belə gözəl kitab mağazasını bizə bəxş edən insanları və oxucuları təbrik edirəm, mağazanın işinə uğurlar arzulayıram. "Libraff" kitab mağazası çox gözəl zamanda açılıb, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqəli tədbirlər çərçivəsində fəaliyyətə başlayıb. Kitab cəmiyyətdə çox vacib rol oynayır. Kitab insanın dostudur, nəsildən nəslə vasitədir. Mən çox sevinirəm ki, bu gün Bakıda belə gözəl bir kitab mağazası açılıb. İnanıram ki, burda təkcə kitab satışı həyata keçirilməyəcək, eyni zamanda gözəl tədbirlər, imza günləri təşkil olunacaq. Bunun üçün burda bütün imkanlar var. Müasir Azərbaycanın inkişafında bu mağazanın açılışı intellektual göstəricidir".
Tədbirdə çıxış edən Xalq yazıçısı Çingiz Abdullayev bildirdi ki,Pul olan kimi adamlar fikirləşir ki, gedim şadlıq evi açım, elə Aqil Abbas da yaxınlaşıb dedi ki, restoranı açsan, daha çox gəlir əldə etmək olur. Təbiidir, xalqın gələcəyi üçün restoran da, bazar da lazımdır. Ancaq kitab mağazaları hamısından üstün olmalıdır.
"Siyasətimiz, iqtisadiyyatımız, ordumuz, elə Qarabağ məsələsi də bundan başlayır. Xalq inkişaf eləməsə, heç nəyə nail ola bilməyəcəyik. Mənə "Türklər kitab oxumur, azərbaycanlılar tacir xalqdır" deyəndə çox toxunurdu, mənsə deyirdim ki, xeyr, mən azərbaycanlıyam, türkəm, mən də, ətrafımdakı dostlar və uşaqlar da kitab oxuyur. Cənab Prezidentimiz 5 dildə sərbəst danışır: ingilis, fransız, rus, türk, Azərbaycan. Bəlkə biz də nümunə götürək, uşaqlarımızı bu dilləri öyrənməyə istiqamətləndirək. Bu gün ingilis dilini bilməyən yaxşı alim olmayacaq. O biri dilləri bilməyənlər isə ümumiyyətlə, internetdən istifadə edə bilməyəcək. Hər şey kitaba bağlıdır. Uşaqlıqda kitab oxumayan sonradan onu sevə bilmir. Mədəniyyət ocaqları nə qədər çox olacaqsa, xalqımız o qədər çox inkişaf edəcək".
"LİBRAFF" mağazaları əslində, yalnız kitab mağazası kimi fəaliyyət göstərməyib, kitabın üstün yer tutduğu çoxfunksiyalı bir məkandır, yeni konsepsiya əsasında yaradılmış sosial-mədəni platformadır. Bu layihə Azərbaycanda kitab ticarətinin inkişaf etdirməklə bərabər ədəbiyyatın və mütaliənin təbliğatı missiyasını daşıyır.
"LIBRAFF"ın flaqman mağazası - "Park Akademiya"nın yerinin seçilməsindən onun dizayn tərtibatına və xidmətin təşkilinədək hər bir məsələ məqsədyönlü xarakter daşıyır. Bu yer Azərbaycan Milli Elmlər Akademiyasının, Bakının çoxsaylı pedaqoji heyəti, tələbə-şagird kontingenti olan universitet və məktəblərin qovşağında yerləşir. İstər zahiri, istərsə də daxili etibarı ilə kitaba hörmət hissi yaradır.
Demək lazımdır ki, "LİBRAFF" adına və məramına uyğun olaraq Azərbaycanda ilk dəfə burada oxucularına satış ilə bərabər, kitabxana xidməti də göstərəcəkdir. Milli Akademiyanın əməkdaşları, universitet tələbələri və şagirdlər, ümumiyyətlə, hər bir müsafir burada ən son nəşrlər ilə nəinki tanış ola biləcək, həmçinin onları mütaliə də edə biləcəkdir. Burada yerli və xarici müəlliflərin imza günləri və təqdimatlar keçiriləcək, kitabsevərlərin iştirakı ilə müzakirələr aparılacaqdır. Oxucular burada dünyanın ən görkəmli nəşriyyatlarının nəşrləri, müasir poliqrafiyanın son nailiyyətləri ilə tanış ola biləcəkdir. Bununla da "LİBRAFF Park Akademiya" elmi-mədəni və kitab mərkəzi kimi formalaşacaqdır. Azərbaycanda xidmət səviyyəsinin yüksəldilməsinə, kitab mədəniyyətinin təbliğinə, inkişafına öz töhfəsini verəcəkdir.
"LİBRAFF"ın yaranması yolunda "TEAS Press" Nəşriyyat Evinin yaradılması mühüm rol oynamışdır. Bu gün "TEAS Press", nəinki Azərbaycanda, hətta onun hüdudlarından kənarda da tanınır. "TEAS Press", "3 alma" və "Yay" markları ilə çıxan kitablar artıq oxucuların sevimli nəşriyyat brendlərinə çevrilmişdir. "TEAS Press" "LİBRAFF" mağazaları ilə yanaşı, respublikanın digər kitab mağazalarını da ən yeni kitablar ilə təmin edərək Azərbaycanda kitab nəşri və ticarətinə də dəstək verir. İstanbulda fəaliyyət göstərən "TEAS Yayınçılık" Türkiyənin ən qabaqcıl on nəşriyyatı sırasına daxil olmuşdur.
Bu gün "LİBRAFF Park Akademiya" nın açılışı ilə eyni zamanda, Avropa Azərbaycan Cəmiyyətinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş nəşrləri də təqdim olunur.
TEAS da bu tarixi hadisəyə öz töhfəsini hazırlayıb. Bu məqsədlə Azərbaycanda ilk dəfə yeni və əsaslı layihələr həyata keçirilmişdir. Onların içərisində Türkiyə Respublikasının Osmanlı dövrü arxivləri və mətbuatından toplanmış sənəd və materiallardan ibarət 4 toplu mühüm yer tutur. Avropa Azərbaycan Cəmiyyətinin həyata keçirdiyi digər unikal bir layihə 1923-1927-ci illərdə Məmməd Əmin Rəsulzadənin rəhbərliyi və redaktorluğu ilə İstanbulda çıxmış mühacir "Yeni Kafkasya" dərgisnin bütün saylarını əhatə edən dörd cildlik kitabın nəşridir.
Qeyd edək ki, "LİBRAFF" Kitab bölməsi azərbaycan, rus, ingilis, türk və digər xarici dillərdə olan zəngin kitabxanası ilə insanların xidmətindədir. Mağazalarda yerli və aparıcı dünya nəşriyyatlarının klassik əsərləri, xüsusi seçilmiş müasir ədəbiyyat nümunələri, uşaq və yeniyetmələrin fərdi inkişafına istiqamətlənmiş əyləncə və oxu materialları təqdim olunur. Mövzu zənginliyi, qabıq dizaynı, çap və kağız keyfiyyəti ilə uzun illər şəxsi kitabxananaların ayrılmaz hissəsi olacaq.
Nigar Adil