Xalçalarımız virtual muzeydə

Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi tərəfindən istifadəyə verilən virtual xalça muzeyində ölkəmizin zəngin xalça və xalq tətbiqi sənət nümunələri əks olunub. "Olaylar"ın ictnews  elektron xəbər xidmətinə istinadən yaydığı məlumata görə,  virtual muzeylə  "www.azcarpetmuseum.az/carpet/" internet ünvanı vasitəsilə tanış olmaq mümkündür. "Muzeyin ekspozisiyasına virtual bələdçi bölməsində" Dövlət Muzeyinin zəngin ekspozisiyasının təsvir olunduğu 13 virtual zal təqdim olunub."Muzeyin Fond kolleksiyası" bölməsində isə e.ə. III minilliklərdə Azərbaycan ərazisində arxeoloji qazıntılar zamanı tapılmış eksponatlardan tutmuş, bugünkü  xalq sənəti nümunələrini özündə əks etdirən elektron kolleksiyalar toplanıb. Azərbaycan xalq sənətini özündə cəmləşdirən bu sənət nümunələri Azərbaycanın müxtəlif bölgələrindən - Quba, Şirvan, Gəncə, Qazax, Qarabağ, Bakı (Abşeron) və digər ərazilərdən toplanıb. Qeyd edək ki, bu nümunələrin əsasını xovsuz, xovlu xalçalar və xalça məmulatları ilə yanaşı, zərgərlik, bədii metal, tikmə, geyim, parça, keramika, çini, ağac, qrafika, daş və s. təşkil edir. Hazırda muzeyin kolleksiyasında 10.000-dən artıq Azərbaycan xalq tətbiqi sənəti nümunəsi var.Elektron resurs Azərbaycan, rus və ingilis dillərində hazırlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31