Sovet hakimiyyəti dövründə "Allahsız" adlandırılan jurnal
4 May 2018 15:20 MədəniyyətHəmidə Cavanşir: "1906-cı il aprelin 7-si gecə Mirzə Cəlillə Ömər Faiq Nemanzadənin cibində cəmi 9 manat pul var idi. Bu pula çap dəzgahının qulpunu fırlatmaq üçün hambal tuturlar. İkinci hambalı tutmaq üçün pul qalmır və onlar gecədən səhərə kimi növbə ilə dəzgahın qulpunu fırlayırlar. Səhər isə Azərbaycan mətbuatının ən şərəfli səhifələrindən biri yazılır"
Müsəlman dünyasında və yaxın şərqdə ilk satirik jurnal olan "Molla Nəsrəddin" jurnalı 1906-1918-ci illərdə Tiflisdə, 1920-1921-ci illərdə Təbrizdə,1922-1931-ci illərdə isə Bakıda nəşr edilib. Nəşr olunduğu 25 il ərzində cəmi 748 nömrəsi çıxıb.
Jurnalda Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Əli Nəzmi, Əliqulu Qəmküsar, Üzeyir Hacıbəyov, Mirzəli Möcüz Şəbüstəri, Əzim Əzimzadə kimi görkəmli insanlar fəaliyyət göstərirdi.
İlk sayının üz qabığında Oskar Smerlinqin çəkdiyi karikaturada yuxuya getmiş bir dəstə müsəlman təsvir olunur. Ağsaqqal Molla Nəsrəddin isə onları oyatmağa çalışır. Bu, həmdə Azərbaycanda karikaturanın yaranma tarixi idi.

1907-ci ilin iyununda jurnalda Cəlil Məmmədquluzadənin imzasıyla "erməni və müsəlman övrətləri" adlı felyaton çıxır.Ruhanilər bu məqalənin əleyhinə yazılar dərc etdirir. Osmanlı sultanı 2-ci Əbdülhəmidin 2-ci Nikolaya şikayətindən sonra jurnal bağlanır. Hətta 1908-ci ildə ruhanilər Mirzə Cəlilin ölümünə fətva verirlər.
1917-ci il oktyabr inqilabından sonra rus əsgərlərinin Azərbaycan kəndlərini talamasına etiraz olaraq "Dinmə, danışma, ona soldatdı o" şeiri nəşr olunur və jurnal bağladılır.
Olaylar.az "Belə belə işlər"-ə istinadən bildirir ki, AXC-nin süqutundan sonra Mirzə Cəlilin ailəsi Cənubi Azərbaycana köçür. O, jurnalı Azərbaycan türkcəsində nəşr etdirmək istəyir amma buna icazə vermirlər. Mirzə Cəlil: "Təbrizdə ermənilərin ermənicə nəşrinə icazə vermisiniz. Bizə Azərbaycan dilində jurnal nəşr etdirməyə icazə vermirsiniz. Onda icazə verin, məndə jurnalı ermənicə çıxarım". Bundan sonra jurnalın Azərbaycan türkcəsində nəşrinə icazə verilir.
1922-ci ildə jurnalın mövzuları barədə Mərkəzi Komitə ilə Mirzə Cəlil arasında mübahisə yaranır. Sayların birində Azərbaycan "sağmal inək" kimi təsvir edilir. Əli vedrəli şəxslər isə İngiltərə, Fransa, İtaliya, ABŞ və Rusiya idi.

1929-cu ilin aprelində sovet hakimiyyəti jurnalın adını dəyişdirərək "Allahsız" qoyur. Mirzə Cəlil Azərbaycanın adını korlayan yazıçı adı ilə damğalanır. 1931-ci ildə Mirzə Cəlil redaktorluqdan imtina edir. Jurnal 1931-ci ilin sonuna qədər çapdan çıxır. 1932-ci yanvarın 4-də Mirzə Cəlilin vəfatından sonra "Molla Nəsrəddin" bir daha işıq üzü görmür.