““Eurovision”un bugünkü təntənəsi Azərbaycanın böyük uğurudur” - MÖVQE
Rəfael Hüseynov: “Onun Azərbaycanda keçirilməsinə hətta, dünyanın bir çox böyük dövlətləri paxıllıq edirlər”
24 May 2012 18:00 Mədəniyyət-Rəfael müəllim, "Eurovision" mahnı müsabiqəsi ətrafında müxtəlif fikirlər səslənməkdədir. Sizcə, bu siyasi, yoxsa mədəni bir hadisədir?
- "Eurovision" mahnı müsabiqəsi dünyanı birləşdirən bir hadisə, böyük bir humanist aksiyadır. "Eurovision" əslində sırf siyasət hadisəsidir. O, sadəcə, bir mədəni hadisə, musiqi müsabiqəsi də deyil. O, sadəcə, mədəniyyət hadisəsi olsaydı, o zaman onun ətrafında bu qədər siyasi müzakirələr getməzdi. Ancaq bu hadisə dünyada cərəyan edən çox məkrli siyasətlərdən fərqli olaraq, humanist bir siyasət hadisəsidir. Çünki dünyanın onlarla ölkəsi bir ölkədə dostluq , mehribançılıq, ünsiyyət ətrafında birləşirsə, bir bayram ətrafında qovuşursa, o zaman bundan böyük dünyanın qloballaşmasına xidmət edən, insanları bir-birinə yaxınlaşdıran nə ola bilər?! Elə hesab edirəm ki, növbəti yarışmaya evsahibliyi edən ölkəmiz üçün də bunun çox böyük əhəmiyyəti var. Düzdür, bəzən öz vətəndaşlarımızdan da kimlərsə başadüşməzlikdən və ya kifayət qədər ürək genişliyi ilə yanaşmadan bu hadisəyə yanlış qiymət verirlər. Bu kimi təəssüf doğuran məqamlar da var. Ancaq onlar da nəhayət, fərqində olmalı və anlamalıdırlar ki, bu hadisənin ölkəmiz, xalqımız üçün nə qədər böyük əhəmiyyəti var.
- Hesab etmirsiniz ki, hər bir azərbaycanlı ölkədə belə bir möhtəşəm beynəlxalq tədbirin keçirilməsinə görə fəxr etməlidir?
- Mən xaraktercə kifayət qədər möhkəm bir adamam. Amma görəndə, biləndə ki, "Eurovision" yarışması canlı yayımla yayımlanır və buna dünyanın 60-a yaxın ölkəsi eyni anda, milyonlarla insan baxır, istər-istəməz qəhərlənir, duyğulanıram. Görəndə ki, Azərbaycan mənzərələrini göstərirlər və dünyanın onlarla ölkəsində bunları görürlər, heyran qalır, o cümlədən, canlı yayımla Azərbaycanın inkişafına şahid olurlar, onun gözəlliyini seyr edirlər, Azərbaycanın gücünü görürlər, o zaman buna daxilən həyəcanlanmaya bilmirəm. Azərbaycanlı olan yalnız bu hissiyyatla yaşaya bilər.
-Sizcə, "Eurovision-2012" mahnı müsabiqəsinin Azərbaycanda keçirilməsi ölkəmizə nə verəcək?
- "Eurovision-2012" Azərbaycanın böyük bir təntənəsi, qələbəsidir. Deyirdilər ki, Azərbaycan hazırlıq işlərini çatdırmayacaq, Azərbaycan bu işləri görə bilməyəcək və sair. İndi özünüz də görürsünüz, Azərbaycan bunları bacardı, Azərbaycan hər işi bacarır. Çünki Azərbaycanda dövlət millət qeyrəti var və lazım olan anda dizini yerə qoyub istənilən işi görə bilir. Ona görə "Eurovision"un bugünkü təntənəsi Azərbaycanın böyük uğurudur. Amma eyni zamanda, ayrı-ayrı insanların bir-birinə paxıllıq etməsi dünyanın çox köhnə və pis hadisələrindən olduğu kimi, dövlətlərin də bir-birinə paxıllıq etməsi var. "Eurovision"un Azərbaycanda keçirilməsinə hətta dünyanın bir çox böyük dövlətləri də paxıllıq edirlər. Avropa Şurasında da, digər beynəlxalq təşkilatlarda da müşahidələrim zamanı ölkəmizə qarşı paxıllığı, həsədi görmüşəm. Həsəd aparırlar ki, Azərbaycan, yenicə müstəqillik əldə etmiş bir dövlət birdən-birə qısa bir zaman içərisində necə belə bir sıçrayışlı yüksəlişə nail olub, necə uğurlara çatıb? Odur ki, bu uğurlar, bu müsabiqələr böyük fərəh doğurmalı, iftixar hissi yaratmalı hadisələrdir. Düşünürəm ki, Azərbaycanın hər bir insanı da buna güvən duyğusu ilə yanaşaraq, öz sevincini tapmalıdır. O cümlədən, Azərbaycana ən müxtəlif istiqamətlərdən və səmtlərdən həsədlə, rəqabətlə yanaşanlara qarşı yalnız dövlət və onun qurumları, ziyalılar deyil, hər bir vətəndaş mübarizə aparmağa hazır olmalıdır. Çünki Vətən, dövlət bu cür yaranır, böyük, güclü Azərbaycan bu cür yaranır.
Alim