"Meydan Bazarı"na yolunuz düşsə... - REPORTAJ

80 manata papaq ala, 2 manata isə dulusçuluğu öyrənə bilərsiniz

May ayında günün cırhacırında şəhərdə kifayət qədər əcnəbi var ki, onların da əksəriyyəti  məlum "Eurovision-2012" mahnı müsabiqəsi  üçün  şəhərimizə təşrif gətirən qonaqlardır. Müsabiqə ilə əlaqədar  Bakı şəhəri artıq bütün qapılarını "Eurovision" qonaqlarının üzünə taybatay açıb. Artıq neçə gündür ki,  Qoşa Qala Qapısı əcnəbi və yerli "tacirlər"in axınına məruz qalıb. Yalnız ildə bircə dəfə bu insanlara fürsət verildiyi üçün bu məkan haqqında yazmasaydım olmazdı.  Burada - "Meydan Bazarı" adlanan yerdə nəyin necə getdiyini öyrənmək üçün  birbaş yollandım İçərişəhərə. Burada "Eurovision-2012" mahnı müsabiqəsinə gələcək saysız-hesabsız turistlərin və paytaxtımızın qonaqlarının istirahətlərini  rahat və mənalı keçirmələri üçün müvafiq hazırlıq tədbirləri hələ də davam etdirilir. "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən aldığımız məlumata görə,  milli mədəniyyətimizin və tariximizin təbliği, tətbiqi sənətin dəstəklənməsi və sənətkarların əl işlərinin sərgi-satışının təşkili, turistlərin və İçərişəhərin qonaqlarının əyani şəkildə sənətkarlıq məhsullarının hazırlanması prosesini izləmələri üçün 20-25 may tarixlərində hər gün saat 12:00-dan 20:00-dək Qoşa Qala Qapısı Meydanında ənənəvi "Meydan Bazarı" təşkil olunur. Tədbirdə Bakıdan və Azərbaycanın müxtəlif bölgələrindən sənətkarlar iştirak edirlər.
Bununla yanaşı, ziyarətçilər tədbir günləri həm "Meydan Bazarı"nda, həm də bütövlükdə İçərişəhər ərazisində "İçərişəhərin tarixi tipajları"nı görə və onlarla canlı ünsiyyət qura biləcəklər. Xatırladaq ki, tədbir "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı, "Azərfon" və "Gazelli International ltd" şirkətlərinin dəstəyi ilə keçirilir.
   "Meydan Bazarı"nda  bir-birinin ardınca düzülmüş  çadırlar ora gələn ziyarətçilərlə bahəm məndə də  nostalji hisslər oyatdı.  Düzdür, bu bazar da olduqca səs-küylüdür, amma  alış-veriş edənlər yorğunluqla yanaşı, həm də mənəvi rahatlıq tapırlar. Hər tərəfi bürüyən  Bülbülün, Rəşid Behbudovun,  Xan əminin  səsi gələn qonaqların  əhval-ruhiyəsinə, ovqatına  rəng qatır.    
Ən əsası onu qeyd etmək istəyirəm ki, "Meydan Bazarı"na giriş pulsuzdur. Burada Azərbaycanın müxtəlif bölgələrini  təmsil edən çadırlar da var. Bu bazarda hər cür qablar, bəzək əşyaları, suvenirlər, atributlar, rəsm əsərləri, tablolar, milli geyimlər tapmaq olar. Hətta burada milli mətbəximizin təamlarından da piştaxtaya çıxarılıb ki, arzu edənlər ala bilərlər. Qiymətlər də elə də baha deyil. Şirniyyatların qiyməti ilə maraqlanıram. Satıcı elan edir ki,  30 qəpikdən 3-4 manata qədər qəlyanaltılardan dada, 30 qəpiyə qutab,  1 manata isə şirin çörək alıb yemək mümkündür.  
Digərlərindən fərqli olaraq qiymətdə nisbətən baha  milli geyimlərimiz, quzu dərisindən hazırlanan papaqlar, xalça üzərində toxunmuş portretlərdir. Girişdə hər kəsi qiyməti cəmi 20 qəpik olan açıqcalar qarşılayır. Alıb baxıram. Qiymətinin az olmasına baxmayaraq, açıqcalar böyük missiya daşıyır. Üzərində Qız qalası və Bakının bir çox mənzərələri təsvir olunmuş  bu açıqcaların arxa tərəfində  Azərbaycan və ingilis dillərində ölkəmiz və xüsusilə Qarabağ haqqında qısa məlumat dərc edilib. Verilən məlumata görə açıqcanı almaq üçün ödədiyimiz pul  əlillərə kömək məqsədilə xərclənəcək.
Mən Meydan bazarına yollanarkən insanlar sanki himə bənd imişlər. Qızğın alver edən kim, bir-birilə gördüklərini müzakirə edənlər kim. Daha çox əcnəbilərin   olduğu bu  məkanda turist əlindən gəzmək mümkün deyildi. Orada olduğum  müddətdə hətta əllərində öz ölkəsini təmsil edən bayraqlar tutub əyinlərinə Azərbaycan milli geyimlərini geyinərək gəzən əcnəbilərə də rast gəldim.  Müşahidə nəticəsində turistlərin daha çox  milli geyim satan çadırlara axın etdiklərini gördüm. Görünür, Azərbaycanın bir çox nemətləri kimi  geyimləri də əcnəbiləri  valeh etmişdi.
Qeyd edim ki,  meydan təkcə alış-veriş məqsədi daşımır.  Burada cəmi 3 manat ödəməklə müxtəlif milli geyimlərdə şəkillər çəkdirmək mümkündür. Arzu edənlər əllərinə və ayaqlarına xınadan müxtəlif naxışlar da qoya bilər. Satışa çıxarılan növbənöv papaqlarla da şəkil çəkdirmək mümkündür. Qiyməti 80 və ondan da baha olan Azərbaycanın müxtəlif bölgələrinə uyğun papaqlarla şəkil çəkdirmək 1 manatdır. Adının çəkilməsini istəməyən satıcıdan öyrəndim ki,  bu cür papaqlar 3 günlük quzunun dərisindən hazırlanır. Qiymətin də nisbətən baha olmasına səbəb də elə budur. Orada olduğum müddətdə  papaqlarla maraqlanları çox gördüm. Lakin hələ ki, bir nəfər də olsun papaq alan görmədim.  Adını gizli saxlayan satıcı deyir ki, özümüzkülərdən fərqli olaraq əcnəbilər bu cür papaqları çox alırlar. 
  Meydan bazarının özəllikləri təkcə bunlarla bitmir. Müxtəlif incəsənət növlərini öyrədən gənc mütəxəssislər heç də gözümdən qaçmadı. Maraqlananlar  onlardan hər hansı sənət növünü öyrənə bilər. İnsanların daha çoz maraq göstərdikləri sənət növü dulusçuluq idi. Baxın ha...  Sənətkarlıq etmək havayı deyil. Bunun üçün cəmi 2 manat ödəməyiniz kifayət edir.
Suvenirləri çox sevdiyimdən  piştaxtaların bəzilərindəki rəngli daşlardan hazırlanmış müxtəlif füqurlu suvenirlər heç də diqqətimdən yayınmadı. Mənə sanki yol nişanlarını xatırladan bu suvenirlərin qiyməti ilə maraqlandım.  Üzərində bir çox ölkələrin  bayraqları olan qız və oğlan suvenirləri isə xüsusilə fərqlənirdi. Qiyməti isə 2 manatdan baha deyildi.   
Beləcə, "Meydan Bazarı" na etsiyim səyahət burada bitdi. Əzizlərim, mayın 25-nə kimi hələ vaxt var. Tələsin, bazar olsun.... 

  Nisə Rafiqqızı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31