Görən haralardasan? Səndə itməyim gəlir - Kürçaylı Məmmədovun şeirləri

Olaylar.az gənc şair Kürçaylı Məmmədovun şeirlərini təqdim edir. 

Naz üçün...

O gün darıxdığını yazmışdın,
Məni gözlədiyini...

O gün pəncərədəki adamlar bir az mən idi,
bir az da mənsizlik...

Dünyanın sən tərəfində
gözlərinin qaranlığı var,
Gözlərinin qaralığı...
Bir də saçların, saçların, saçların...
Saçlarında əllərim,
Əllərimdə üşüyür əllərin...

İndi sən Bakısan,
Bir axşam Bakısı,
İndi sən qatarısan metrostansiyanın...
Səndə gedə bilərəm,
Ötürə bilərəm səni,
Çata bilmərəm amma,
Çata bilmərəm...

Üzümə gülümsə,
Gülümsə üzümə
sabah çiçəkləri kimi,
darıxaraq,
darıxaraq,
darıxaraq,
qara paltolu qız...

***

Dadaş Adna xatirəsinə...
 

Öldü bir kənd fotoqrafı,
Bir kənd öldü.
Şaxtası, günəşi, buludu...
 

Öldü rakı kimi şərqilər,
Həmin məktəb uşaqlarıyla
kəndin qocaman müəllimləri öldü.
Öldü məktəbdə onu görmək üçün
dərsdən icazə alıb çölə çıxan qızlar,
Günəşə şərqi söyləyən qadın öldü...
 

Öldü saçlarını uzatmaq qərarı,
iydə ilə çay içmək,
yaşlandıqca özünə bənzəmək öldü.
 

Öldü kənd fotoqrafının günlüyü,
Bütün fotoaparatlar öldü,
bütün fotolar,
fotolardakı adamlar,
daşlar, quşlar, evlər,
pəncərələr, yollar,
kiçik-kiçik şeirlər,
kəndin çayçısı,
köhnə samovar -
öldü onlar...
 

Doqquz hərfi öldü dünyanın,
öldü içimizdəki xərçəng...

***

kiçik hərflər

ah, bu gec adamlar,

gecə adamlar...

ah, bu düz adamlar,

gündüz adamlar...

ah, bu kar adamlar,

həmkar adamlar...

ah, bu kor adamlar,

nankor adamlar...

ah, bu daş adamlar,

sirdaş adamlar...

ah, bu yaş adamlar,

əyyaş adamlar...

ah, bu quş adamlar,

bayquş adamlar...

ah, bu xoş adamlar,

naxoş adamlar...

***

Quba etüdləri

Yorur məni adamlar,

şəhərlər yorur məni.

Atamın nəvəsinə aldığı oyuncaq tapançanın səsi,

unuda bilmədiyim qızın

unuda bilmədiyim nəfəsi.

Bacısızlıq bir az,

bir az adamsızlıq.

Qış axşamlarının qaranlığı - tez düşən,

Sevmədiyim supu Qubada yeməyim - tez hazırlanan,

tez bişən,

Bakıdakı doluxsunmuş xatirələr,

Lənkərandakı qırmızı kərpicli evlər,

uşaqlığım,

Salyandakı uşaqlığım,

bir də

Nilufər,

Nilufər,

Nilufər...

yorur,

yorur,

yorur, ana...

***

Sən anlamazsan

ölkənin şimalında

ən dərin gecələrin gec vaxtında

dünyanın ən kədərli,

tənha mətbəxində oturub

niyə susur bu adam...

Sən anlamazsan

gecə radiolarından

üstünə dağılan musiqiləri qucaqlayıb,

eynəyinin tozunu silib

geriyə, dünəninə baxan bu adamı...

Üsyan dolu gözlərini

niyə

bütün fotolarında sənə zilləyib

kimi verib,

kimi itirib bu adam,

sən anlamazsan...

Sən anlamazsan

ortada ruh kimi dolaşan

sakit, səssiz,

adamsız, kimsəsiz,

gecələr it hürüşünü ,

gündüzlər insanları dinləyən bu adamı...

Sən anlamazsan

bir-bir itirdiyi adamlarını

unuda bilməyən,

İki şüşə arxasından

vidalaşmadan gedənlərinə baxan

və darıxan,

darıxan,

darıxan

o adamı...

Bu soyuq,

laqeyd şəhərin

biganə adamları arasında nədir yaşamaq -

Bu soyuq,

laqeyd şəhərin

dənizi xatırladan küləyinin

saçları qarışdırması necə olur,

ölkənin şimalında

ən dərin gecələrin gec vaxtında

dünyanın ən kədərli,

tənha mətbəxində oturub

susmaq necə olur,

sən anlamazsan...

***

Oktyabr

Yenə tək qaldı skamyalar,

Heç kimin ağlına gəlmədi ki,

skamyalar üşüyə bilir,

darıxa bilir skamyalar,

boğula bilir.

Bilir udquna-udquna yaşamağı,

hönkürməyi,

hönkürməyi,

unuda bilir, unuda -

yenə tək qaldı skamyalar...

nə məni ovudar,

nə özlərini.

Üstümüzə yıxılar payız,

Yıxılar üstümüzə oktyabr

bir gecə yarısı Bakısında...

Bir gecə yarısı Bakısında

çoxdan bağlanmış metrostansiyalar,

çoxdan getmiş marşurtlar.

Unudulmuş gecə taksilərinin üşüyən sürücüsü qədər

kədərlidi həyat,

kədərlidi oktyabr.

Yenə tək qaldı skamyalar

küləklərin və yağışların əlindən,

Üşüyürük - skamya və mən...

***

Vaqif və payız balladası

Bu axşam payızdan düşüb metroya

bilmədim hansına minim qatarın.

Hansı stansiya gözləyir məni,

Hansında düşübdü, itibdi yarım.

Adamlar əlindən qaçıb bir küncə,

Dayandım sifətim pəncərə sarı.

Yenə tapılmadı payız gəlincə,

Tanış stansiya, qatar və yarı...

***

Qəfil itəsən bir gün
ürəyinin içində.
Sanki heç olmamısan
bu boyda, bu biçimdə.

Elə qəfil itəsən,
Darıxalar səninçün.
Səndən qala xatirən,
eşqin, kədərin, suçun.

Ən pisi itməyinə
yas tutanın olmaya.
Elə itdiyin yerə
Gül qoyanın olmaya.

Deyəsen gecdir daha,
Daha getməyim gəlir.
Görən haralardasan?
Səndə itməyim gəlir.

***

Sən heç

tənhalığın nə olduğunu bildinmi?

Bomboş skamyalardakı boyatlaşan öpüşlər,

Qaranlıq küçələrdəki

xatirə dolu görüşlər,

Gecə işıqlarının kimsəsizliyi,

Sahillərin adamsızlığı...

Sonuncu metro qatarının

vaqonları qədərdi tənhalıq.

Bir də sənə qədər uzanan yollar,

Sənə uzanan qollar qədərdi...

Sən heç tənhalığın nə olduğunu bildinmi?..
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31