“Mədəniyyət haqqında” qanun layihəsi ikinci oxunuşa hazırlanır
23 May 2012 15:56 Mədəniyyət"Mədəniyyət haqqında" qanun layihəsinin ikinci oxunuşa hazırlanması istiqamətində işlər gedir və biz bu işləri tələsmədən həyata keçiririk". Bu barədə məlumat verən Milli Məclisin mədəniyyət məsələləri komitəsinin sədri Nizami Cəfərovun sözlərinə görə, hələ ki, bəzi məsələlərin üzərində geniş dayanılmalı, müvafiq təşkilatlarla müzakirələr davam etdirilməlidir: "Qanun layihəsində əksini tapan məsələlərlə bağlı mədəniyyət və incəsənət müəssisələrinin rəyləri alınır, eyni zamanda, mədəniyyət və incəsənət xadimləri ilə müzakirələr aparılır. Yəni bu işlər formal şəkildə getmir, əksinə xüsusi yanaşma ilə həyata keçirilir. Qeyd edim ki, mədəniyyət və incəsənət sahəsində fərdi hadisələr də xüsusi diqqətdə olmalıdır. Məsələn, çoxlu bəstəkarlar ola bilər, amma bir Üzeyir Hacıbəyli istedadı millətin mədəniyyətini dünyaya təqdim edir. Çoxlu şair ola bilər, amma bir Səməd Vurğun ədəbiyyatımızı müəyyən səviyyəyə qaldırıb. Yəni bu sahədə fərdi özünəməxsusluğun, fərdi istedadın qiymətləndirilməsi vacibdir. Ümumiyyətlə, elə qanun qəbul etməliyik ki, gələcək dövr üçün bizim mədəniyyət həyatımızı idarə edə bilsin".