“Bakı Kristal Zalı” istiqamətində yoxlama postları

“Eurovision” tamaşaçılarından gecikməmək xahiş olunur

Bu axşam Bakıda "Eurovision 2012" Mahnı Müsabiqəsinin ilk yarımfinal müsabiqəsi baş tutacaq. Səbail rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, müsabiqənin keçiriləcəyi "Bakı Kristal Zalı"na getmək üçün bileti olan şəxslər 3 mərhələli yoxlama prosesindən keçəcəklər.Bu məqsədlə Bakı-Ələt yolunun girişində - Əl Oyunları Sarayının yaxınlığında, Bayıl qəsəbəsinin girişində və "Kristal Zal"ın qarşısında xüsusi postlar qurulub. Hər bir postdan 1 dəqiqə ərzində onlarla tamaşaçı keçə bilər.Birinci postda - Əl Oyunları Sarayının yaxınlığında tamaşaçılar bilet və şəxsiyyətlərini təsdiq edən sənədə baxış əsasında vizual olaraq yoxlanılacaq. Buradan növbəti postadək insanlar xüsusi ayrılmış avtobuslarla və ya piyada hərəkət edəcəklər. Çünki yeni salınmış yolda nəqliyyatın hərəkəti saat 19:00-dan məhdudlaşdırılacaq.İkinci postda isə tamaşaçıların üst-başları yoxlanacaq. Qadağan edilmiş əşyaların olub-olmadığı müəyyənləşdiriləcək (deşici-kəsici vasitələr, küt alətlər, texniki vasitə, tez alışan maddələr, şüşə qablar və s.). Bilet və şəxsiyyət vəsiqələri üzləşdiriləcək.Nəhayət "Kristal Zal"ın girişində isə tamaşaçılar son model axtarış proqramı ilə təchiz olunmuş cihazla yoxlanılacaqlar. Bu cihazlar dünyanın ən müasir hava limanlarında da istifadə olunur.Yarışmanın təşkilatçıları və Bakı polisi mümkün sıxlığın qarşısını almaq məqsədi ilə tamaşaçılardan zala mümkün qədər tez gəlməyi xahiş edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31