Azay Quliyev Norveç qəzetinə Avroviziya-2012 ilə bağlı müsahibə verdi
21 May 2012 17:46 MədəniyyətAzərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Norveçin "Morgenbladet" qəzetinin müxbiri Maren Naess Olsenə müsahibə verdi. Bakıda keçirilən Avroviziya-2012 ilə bağlı bir sıra məqamlara diqqət yetirən müxbirin suallarına cavab olaraq, A.Quliyev dedi ki, bu tədbir mahnı, dostluq və əməkdaşlıq bayramı kimi bütün Azərbaycan xalqı tərəfindən böyük sevinclə qarşılanır və Heydər Əliyev Fondunun prezidenti, hörmətli millət vəkili Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi təşkilat komitəsi bu bayramın bütün standartlar üzrə ən yüksək səviyyədə keçirilməsi üçün böyük bacarıq və əzmkarlıq nümayiş etdirmişdir. Şura sədri həm tədbirin başlamasından öncə xarici mətbuatda, həm də musiqi bayramının keçirildiyi günlərdə bəzi dairələrin ondan sui-istifadə cəhdlərini pisləyərək dedi ki, gənc dövlətimizin uğurlarını bütün dünyaya göstərməklə bərabər ölkədə demokratik proseslərin daha da dərinləşdirilməsinə çalışan Azərbaycan hakimiyyəti tənqidə həmişə açıq olub. Lakin tənqidi fikir qərəzsiz, obyektiv olanda inkişafa və qarşılıqlı anlaşmaya xidmət edir. A.Quliyev qeyd etdi ki, bu beynəlxalq musiqi bayramına xarici ölkələrdən təşrif buyurmuş minlərlə qonaq Azərbaycan reallıqlarını yetərincə izləmək və ölkədə ictimai-siyasi, mədəni-sosial həyatın bütün parametrləri üzrə müəyyən nəticələr çıxarmaq imkanına sahibdir. Şura sədri həmin nəticələrin obyektivliyinə və ədalətli olacağına ümid bəslədiyini bildirdi.