Ankarada Qənirə Paşayeva və Akif Aşırlının müəllifi olduqları kitabının təqdimatı olub
19 Aprel 2012 17:03 MədəniyyətTürkiyə paytaxtı Ankara şəhərində Türk Strateji Araşdırmalar Mərkəzində Milli Məclisin deputatı Qənirə Paşayeva və Akif Aşırlının müəllifi olduqları və Türkiyə türkcəsində nəşr edilmiş "Ermənilərin törətdiyi soyqırımın qurbanı - Bağanis Ayrım" kitabının təqdimatı olub. Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayeva "Ermənilərin törətdiyi soyqırımın qurbanı - Bağanıs Ayrım" kitabının Azərbaycan həqiqətlərinin, tarix boyu ermənilərin Azərbaycan türklərinə qarşı apardığı soyqırım siyasətinin beynəlxalq ictimaiyyətin nəzərinə çatdırılması, habelə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ilə yanaşı, Azərbaycanın Ermənistanla həmsərhəd olan digər bölgələrində də (Qazax rayonunda) törətdikləri işğalçılıq və soyqırım siyasəti barədə daha geniş bilgi təqdim etmək məqsədi ilə yazıldığını qeyd edib. Millət vəkili bildirib ki, bu kitabda 1990-cı il martın 23-dən 24-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin keçmiş Sovet ordusuna məxsus hərbi texnikadan, müasir silahlardan istifadə edərək Qazax rayonunda yerləşən Bağanis Ayrım yaşayış məntəqəsində törətdikləri qətliamdan bəhs edilir, belə ki, erməni silahlıları Bağanıs Ayrım kəndinə hücum edərək, mülki əhalini insanlığa sığmayan işgəncələrlə qətlə yetirmiş, diri-diri yandırmış, soyqırım törətmişdir. Millət vəkili Türkiyə türkcəsində nəşr olunan bu kitabın təbliğat vasitəsi deyil, real faktlar, sənədlər və canlı şahidlərin söylədiklərinə əsaslanan qiymətli bir mənbə olduğunu demişdir. Onun sözlərinə görə, Dağlıq Qarabağdan uzaqda yerləşən Bağanis Ayrımda soyqırımı törədən ermənilər əsl məqsədlərini - Azərbaycan torpaqlarını işğal etmək kimi çirkin niyyətlərini bir daha nümayiş etdirmişlər. "Ermənilərin törətdiyi soyqırımın qurbanı - Bağanıs Ayrım" kitabının Azərbaycan, türk və ingilis dillərində çap olunduğunu diqqətə çatdıran millət vəkili Qənirə Paşayeva bu kitab əsasında hazırlanan və üç dildə eyniadlı saytın fəaliyyət göstərdiyini də bildirib.