Amsterdamda Firəngiz Əlizadənin “Nasimi Passion” əsərinin premyerası olub
Aprelin 7 və 9 – da «UNESCO-nun Sülh naminə Artisti» titulunun sahiblərindən biri, professor Firəngiz xanım Əlizadənin Hollandiyanın paytaxtı Amsterdam şəhərində “Amsterdam Royal Concertgebouw” konsert sarayında ölkənin kral simfonik orkestrinin, xorunun və solistlərinin müşayiəti ilə “Nasimi Passion” əsərinin premyerası olub.
10 Aprel 2017 16:04 MədəniyyətAprelin 7 və 9 - da "UNESCO-nun Sülh naminə Artisti" titulunun sahiblərindən biri, professor Firəngiz xanım Əlizadənin Hollandiyanın paytaxtı Amsterdam şəhərində "Amsterdam Royal Concertgebouw" konsert sarayında ölkənin kral simfonik orkestrinin, xorunun və solistlərinin müşayiəti ilə "Nasimi Passion" əsərinin premyerası olub.
İttifaqdan "Olaylar" - a bildirilib ki, Avropanın nüfuzlu mədəniyyət təşkilatlarından olan, "Amsterdam Royal Concertgebouw" tərəfindən son illər ərzində müxtəlif dinlərə məxsus "Passions" - "İlahilər" layihəsi həyata keçirilir. 2015-ci ildə İslam dininə aid olan ilahilərin də bəstələnməsi gündəmə gəlib. Bu iş müsəlman mədəniyyətinə məxsus olan Azərbaycan peşəkar bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi - Firəngiz Əlizadəyə həvalə olundu. Beləliklə, "NASİMİ Passion" əsəri yarandı. Əsər (35 dəqiqəlik) dirijor Martins Brabbinsin idarəsi ilə Hollandiyanın Kral simfonik orkestri, xoru və solistləri tərəfindən aparılırdı. Əsərin premyerasından əvvəl həmin sarayda bəstəkarla görüş keçirilib. Görüşdə musiqişünas Thea Derks "Nasimi passion" əsəri haqqında məlumat verib.
Daha sonra çıxış üçün səhnəyə dəvət olunan Firəngiz Əlizadə seçdiyi mövzudan- Azərbaycanın böyük mütəfəkkiri İmadəddin Nəsimi barədə danışıb, dahi mütəfəkkirin Yaxın Şərq ədəbiyyatına gətirdiyi mütərəqqi ideyalar və fəlsəfi düşüncə tərzindən söz açıb. Bildirilib ki, əsərdə ümumi kontekstdə həm müasirlik, həm də Şərqin fərqli bir təfəkkür tərzi olan Orta Əsr sufi fəlsəfəsi yanaşı işlənib.
Almaniya Dövlət Teatrının solisti Əvəz Abdulla özünə xas fərqli ifası ilə tamaşaçıların ruhunu oxşayıb. Ə.Abdullanın ifası məhz sufizikrlərindəki əsas ab-havanı və dinləyicidə vizual təəssürat yaratmağa imkan verib. Əvəz Abdulla bildirib ki, əsərdə muğamla Sebastyan Baxın musiqisinin birləşdirildiyi məqam skripkada ifa olunmağa başlayanda tamaşaçılar valeh oldu. Əsər haqqında Almaniyanın məşhur "H.Sikorski" musiqi dərgisində Firəngiz xanımın düşüncələrinə də yer ayrıb.