Suriyalı gəncin toyunda “vağzalı” çalındı
17 May 2012 17:37 MədəniyyətDünya azərbaycanlılarımız. Dünyanın hər hansı yerində yaşamalarından asılı olmayaraq hər an, hər dəqiqə qəlbləri Azərbaycanla döyünən, Azərbaycan adını işləri, əməlləri ilə ucaltmağa çalışan və ucaldan soydaşlarımız, həmvətənlərimiz....Hər zaman Azərbaycan üçün darıxan, qürbətdə milli adət-ənənələrimizi qoruyub saxlayaraq təbliğ edən azərbaycanlılarımız. Bu gün Azərbaycan musiqisini dünyada şərəflə təbliğ edən bir azərbaycanlı musiqiçi ailəsi ilə siz oxucularımızı tanış edəcəyəm. Belə bir ziyalı ailə ilə tanış olmağımdan çox məmnun qaldım. Qəhrəmanlarım səmimi olduqları qədər də vətənpərvərdirlər. Bir-biri üçün doğulublar. Azərbaycanda ailə həyatı qurub bir müddət burada yaşasalar da həyat bioqrafiyalarına qürbət, qəribçilk yazıldı. Azərbaycan milli musiqisini ərəb ölkələrində tədris və təbliğ etmək kimi şərəfli bir yolun yolçuları oldular. Söhbət həmyerlilərimiz Suriya Dövlət Konservatoriyasının professorları, tanınmış elm və musiqi xadimləri, tədqiqatçıları, ud ifaçısı Əsgər Ələkbərov və kanun ifaçısı Elmira Axundovadan gedir. Elmira xanımın şərq xanımlarına bənzər gözəlliyi diqqətimdən heç cür yayınmırdı. Onun hər fikrində ali ziyalı mövqeyi məni heyran etdi. Əsgər müəllimin mərdliyi, cəsarəti, sənət naminə alışıb yanması qəlbimdə bir qürur abidəsi ucaltdı. Sevindim ki, yaxşı ki, bizim belə ziyalılarımız, alim və musiqiçilərimiz var.
"Olaylar"ı qürbətdə oxuyurduq
"Olaylar " bizim ailəmizin sevdiyi bir mətbu orqandır. Hadisələrə obyektiv baxış, analitik şərhlər, dünya azərbaycanlılarına xüsusi diqqət bizi bu qəzetin daimi oxucuları edib. Bilirsiniz, ölkəmiz Azərbaycanda baş verən hadisələri biz "Olaylar" vasitəsilə əldə edirdik. Bu qəzetdən biz vətən ətri qoxuyurduq. Sevinirik ki, oxucusu olduğumuz qəzetin qonağıyıq. Dəvətiniz bizə ruh verdi, hiss etdik ki, dünyada yaşayan soydaşlarımıza mənəvi qida verən bir mətbu orqanımız var.
Azərbaycanlı olmağımızla fəxr edir, qürur duyuruq
Azərbaycan....Dünyanı gəzib dolaşsaq da səndən gözəl, qüdrətli, şöhrətli, mərhəmətli bir məkan görmədik. Hər bir ölkədə, hər bir xarici dövlətdə Azərbaycan deyəndə ulu öndər Heydər Əliyevin adını eşitdik. Azərbaycan - Heydər Əliyev adının hər yerdə qoşa səsləndiyinin şahidi olduq. Heydər Əliyev siyasi kursunun şah əsəri İlham Əliyevin, Azərbaycanın birinci xanımı, millət vəkili Mehriban Əliyevanın mədəni irsimizin, muğamlarımızın xilaskarına çevrilməsinin dünyada alqışlanmasının canlı şahidi olduq. Söylədiklərimizin şahidi olduqca da bir daha fəxrlə ürəkdən söylədik - biz azərbaycanlıyıq. Azərbaycan milli musiqisini, muğamlarımızı dünyada şərəflə təbliğ edirik. Qazandığımız susmaq bilməyən alqışların yeganə ünvanı - Azərbaycan olduğunu söyləyirik. Bəli, bu gün Azərbaycan çiçəklənir, qüdrətlənir. Müstəqil Azərbaycanın öz söhrətli, möhtəşəm, güclü ordusu var. Bu ordunun da ali baş komandanı İlham Əliyev var. İlhamlı sabahlarla addımlayan qüdrətli Azərbaycanımız var olsun!
Musiqi bizi qovuşdurdu, musiqi bizi dünya miqyasına çıxartdı
Biz Azərbaycan televiziyası və radiosu S.Rüstəmov adına xalq çalğı alətləri orkestrində tanış olmuşuq. Mən bu orkestrdə tar və ud ifaçısı kimi çalışırdım. Elmira xanımsa kanun ifaçısı kimi orkestrə dəvət almışdı. Məşqlərdə, konsertlərdə bir- birimizi daha dərindən tanıdıq. Hiss etdim ki, həyatımı yalnız Elmira xanıma bağlaya bilərəm.
Ürəyimi ona açdım, məlum oldu ki, o da mənə biganə deyil və biz həyatımızı birləşdirməyə qərar verdik. Xalq artisti, ustadımız, uğurlarımızın müəllifi Süleyman Ələsgərovun xeyr- duası ilə 1979-cu ildə ailə həyatı qurduq. Necə deyərlər, musiqi və sevgi bizi qovuşdurdu. Tale yollarımız birləşdi və uğurlar bizi müşayiət etməyə başladı. Ailə həyatı, ömrün fərqli anları, xarici səfərlər və birgə əmək.
Övladlarımız xoşbəxtliyimizin zirvə nöqtəsidir
Özümüz musiqiçi olduğumuz kimi övladlarımız da musiqiyə bağlandılar, musiqiçi olmaq qərarına gəldilər. Birinci övladımız Aydan Bülbül adına orta ixtisas musiqi məktəbinin piano şöbəsini bitirdikdən sonra Vyana Dövlət Musiqi Universitetinin orqan bölümündə təhsil alıb. Hal-hazırda Doha şəhərində Qatar Dövlət Musiqi Akademiyasında dərs deyir. Aydanın 4 cd diski işıq üzü görüb - 2 piano, 2 orqan.
İkinci övladımız Xumar da Bülbül adına orta ixtisas musiqi məktəbinin kanun, arfa şöbəsini bitirdikdən sonra Suriya Dövlət Konservatoriyasında təhsilini başa vurub. Hal- hazırda Avstriyanın Praynek Konservatoriyasında arfa üzrə təhsilini davam etdirir. Xumarın 3 cd diski işıq üzü görüb.
Musiqiçi kamil olmalıdır. Aldıqları xarici təhsil onların kamil bir musiqiçi olmalarına təkan yaratdı və artıq onlar kamil bir solo ifaçılar kimi bizimlə bərabər bütün konsertlərimizdə iştirak edir, ifaları ilə əcnəbiləri heyrətləndirir, onlara dünya və Azərbaycan bəstəkarlarının əsərlərini sevdirirlər. Amerika konsertlərimizdə 9 əsərin 5-nin Azərbaycanlı bəstəkarların əsərlərinin olması bizim əsl azərbaycanlı olmağımızdan, Azərbaycan musiqisini dünya dövlətlərinə, dünya musiqi ictimaiyyətinə çatdırmaq və təbliğ edib aşılayaraq maarifləndirib sevdirmək, musiqimizin tilsiminə salmaq bizi daha da ruhlandırır. Əgər bizim disklərimiz Suriya Mədəniyyət Nazirliyinin xətti ilə çıxırsa, Rusiya Mədəniyyət Nazirliyi bizi dəstəkləyirsə, bizi nüfuzlu musiqi festivallarına münsif və ifaçı kimi dəvət edirlərsə, bu həm bizim, həm də Azərbaycanın uğurudur. Suriyanın Homs, Hələb, Şam şəhərlərində, Morokkodan Livana qədər keçirilən bütün beynəlxalq musiqi festivallarında həm münsif, həm də ifaçı kimi çıxış etmişik. Bir çox festivalların açılışı bizim musiqi ilə gerçəkləşib. Suriyalı tələbələrimiz Azərbaycan bəstəkarlarının əsərlərini ifa edərək laureat olublar. Əcnəbilərin bizim musiqimizi dinləməsi, V.Adıgözəlovun "Qərənfil" , M.Əhmədovanın "Ana" əsərləri ərəb dünyasında çox tanınan və seviləndir. Bəlkə də, taleyin yazısıdır ki, 1993-cü ildə Rusiya Mədəniyyət Nazirliyinin dəvəti ilə ərəb dövlətlərində ud və kanun tədrisi üçün dəvət alan ilk musiqiçilər biz olduq. Bir pedaqoq, musiqi tədqiqatçıları kimi işimizin nəticəsini görürük.
Suriyalının toyunda "Vağzalı" səsləndi
Qızımız Aydan suriyalı tələbəmiz skripka ifaçısı Meyas Əlyəməni ilə ailə həyatı qurub. Onun toyu Suriyada olsa da bəy-gəlin toy məkanına "Azərbaycan Vağzalısı" ilə daxil oldular. Biz öz ənənəmizi pozmadıq. Əvvəlcə bu musiqi həzin səslənsə də sonra onun möhtəşəmliyi sanki suriyalıları sehirlədi. Həmçinin, xalq mahnılarımız, rəqslərimiz bu toyu xüsusi bəzədi.
Xumar isə Vyanada təhsil alan Fərid Əhmədovla ailə həyatı qurub. Allah -Təala hər kəsə nəvə nəsib etsin. İki nəvəmiz var - Ömər və Elin. Onlar bizi yaşadır. Yaradana şükürlər, övladlarımıza düzgün yol göstərə bildik. Ailədə övlada sərbəstlik vermək lazımdır, ancaq nəzarəti yaddan çıxartmaq olmaz. Ailədə valideyn öz məsulliyyətini dərk edəndə həmin ocaqda uğur da olur, ruzi-bərəkət də. Övladlarımız da Azərbaycan musiqisinin layiqli təmsilçiləridirlər. Hər bir çıxışlarında "Yaşasın Azərbaycan"- deyib ifalarına başlayırlar. Biz övladlarımızı vətənpərvər bir ruhda böyütmüşük. Onlar Vətən, Azərbaycan adını hər şeydən uca tutur və Azərbaycan naminə çalışırlar.
Elmi əsərlər dünya çapında
Mən "Gənclərin estetik tərbiyəsində klassik şərq muğamlarının rolu" adlı elmi əsərin müəllifiyəm. Eyni zamanda, udun tədrisi üçün iki metodik dərslik, ud və piano üçün iki məcmuəni hazırlayaraq tələbələrin ixtiyarına vermişəm və əsərlərimiz dərslik kimi istifadə olunur. 4 cd diskim, 2 video diskim Suriya Mədəniyyət Nazirliyi tərəfindən işıq üzü görüb. Elmira xanımsa 3 məcmuə və "Kanunun tədrisi metodikası" kitablarının müəllifidir. "Azərbaycan muğamları" adlı diskim uğurla qarşılandı. 7 muğamımızı udda əcnəbilərə təqdim etmişəm. Bir çox solo konsertlər vermişik. Konsertimizin birini də Xocalı soyqırımına ithaf etmişdik, səhnənin işıqlanması çox maraqlı və təsiredici idi. Orqanın üzərinə düşən işıqlar bir az qırmızı qərənfillər kimi səhnəni hüznləşdirirdi. Sanki qırmızı qərənfillər kimi orqan qan ağlayırdı həmin gün ... İstərdik ki, Azərbaycanda da solo konsert verək. İnanıram ki bu işdə bizə xeyirxah insanlar dəstək olacaq və biz bir azərbaycanlı olaraq Azərbaycanda da öz milli musiqimizi təbliğ edə biləcəyik. Biz bu vətənin övladlarıyıq və 20 il qürbətdə yaşayıb çalışsaq da adət-ənənələrimizi qoruyub saxladıq, təbliğat və maarifləndirmə işlərində əzmkarlıq göstərdik. Bunu Azərbaycan musiqisinin, muğamının adına etdik. Heydər Əliyev Fondunun gördüyü işlərə biz də öz əməli işimiz, təbliğatımızla töhfə verdik. Yaxın günlərdə əsərlərimizi H.Əliyev Fondunun arxivinə hədiyyə edəcəyik. Əlcəzair və Marokkonun Titvan şəhərində keçirilən xalq musiqi festivalında açılışı və bağlanışı biz edəndə çıxışlarımızdan sonra H.Əliyev Fondunun gördüyü işlərdən danışdıq, qonaqlara M.Əliyevanın "Qarabağ xanəndələri" disk- əsərini hədiyyə etdik. Artıq onlar bu əzəmətli əsərdən xəbərdar idilər və hədiyyənin onlar üçün misli yox idi.
Suriya müharibədən qurtulsun, tələbələrimiz bizim üçün çox darıxıblar
Bəli, biz Suriyada baş verən hadisələrlə əlaqədar vətənə dönmüşük. Düzdür, tələbələrimiz bizim üçün çox darıxıblar. Günaşırı bizə internetlə məktub yazır, dönəcəyimizdən əmin olmaq istəyirlər. Bu bir pedaqoq ömrünün ən xoş, ən dəyərli anlarıdır. Bu bir həyat akkordlarıdır. Əgər bir əcnəbi pedaqoq tələbələri tərəfindən sevilirsə, bu onun və mənsub olduğu ölkənin ən böyük uğurudur. Təki hər kəsin qəlbində vətəninə, elinə, seçdiyi sənətə sevgisi tükənməsin. Azərbaycana olan sevgimiz sonsuzdur. Axı biz Azərbaycanlıyıq !!!
P.S Gələn saylarımızda Aydan və Xumar Ələkbərovalarla
Vyanadan olan maraqlı müsahibəmizi izləməyi unutmayın.
Məmməd Əliyev - tədqiqatçı
Alim Nəbioğlu - jurnalist