Milli Televiziya və Radio Şurası cizgi filmlərinin çəkilişinə maliyyə ayrılması üçün prezidentə müraciət edəcək

Milli Televiziya və Radio Şurası (MTRŞ) yaxın günlərdə milli cizgi filmlərinin çəkilişinə maliyyə ayrılması üçün ölkə prezidentinə müraciət edəcək. Bunu APA-ya MTRŞ sədri Nuşirəvan Məhərrəmli deyib. O bildirib ki, ölkədə milli cizgi filmlərinin çəkilməsinin stimullaşdırılmasına böyük ehtiyac yaranıb: "Uşaqlarla bağlı bizim hansı verilişlərimiz, cizgi filmlərimiz var? Telekanallarda yayımlanan əksər cizgi filmləri xarici cizgi filmləridir. Halbuki Azərbaycanın eposları əsasında çoxsaylı cizgi filmləri yaradıla bilər. "Dədə Qorqud"dan tutmuş "Koroğlu" dastanına qədər gözəl cizgi filmləri çəkmək olar və uşaqlar o ruhda böyüyər".
Şura sədrinin sözlərinə görə, Mədəniyyət və Turizm Nazirliyində hər il 1-2 cizgi filmi çəkilir: "Amma onlar da çəkilən bədii filmlər kimi seyflərdə yatıb qalır. Bu filmləri heç bir rusum almadan telekanallara vermək lazımdır. Son zamanlar çəkilmiş 40-a qədər film efirdə görünmür. Mədəniyyət və Turizm Nazirliyi bu məsələyə baxmalıdır. Onlar çox simvolik qiymətə telekanallara satılmalıdır".  N. Məhərrəmli ölkədə uşaq televiziyasının açılmasının mümkün olub-olmamasına da münasibət bildirib: "Gələcəkdə zərurət yaranacaqsa, biz bunu edəcəyik. Son 5 ildə Azərbaycanda 4 ümumrespublika yayımçısı olan kanal açılıb. Bu, kiçik rəqəm deyil. Biz istərdik ölkədə uşaq televiziyası da olsun. Amma bunun üçün yetərincə imkan varmı? İndi o potensial yoxdur. Əgər dövlət bunu öz öhdəsinə götürərsə, biz bunu çox həvəslə edərik. Amma biz tender elan edib uşaq televiziyasını adi bir həvəskara verə bilmərik. Bu, çox ciddi məsələdir. Biz gərək buna hazırlıqlı olaq".
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31