“Eurovision” müsabiqəsi ilə əlaqədar İşərişəhərdə “Meydan bazarı” təşkil olunacaq

İçərişəhərdə "Eurovision" mahnı müsabiqəsinə gələcək xarici turistlərin istirahətini rahat və mənalı keçirmələri üçün hazırlıq tədbirləri davam etdirilir. Azərbaycan Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən APA-ya verilən xəbərə görə, Azərbaycan mədəniyyətinin və tarixinin təbliği, milli tətbiqi sənətin dəstəklənməsi və sənətkarların əl işlərinin sərgi-satışının təşkili, İçərişəhərin qonaqlarının əyani şəkildə sənətkarlıq məhsullarının hazırlanması prosesini izləmələri üçün mayın 20-25-də hər gün saat 12:00-dan 20:00-a kimi Qoşa Qala Qapısı Meydanında ənənəvi "Meydan bazarı" təşkil olunacaq. Tədbirdə Bakıdan və Azərbaycanın müxtəlif bölgələrindən sənətkarlar iştirak edəcəklər.
Bununla yanaşı, ziyarətçilər tədbir günləri həm "Meydan Bazarı"nda, həm də bütövlükdə İçərişəhər ərazisində İçərişəhərin tarixi tipajlarını görə və onlarla canlı ünsiyyət qura biləcəklər.Tədbir Qoruq İdarəsinin təşkilatçılığı, "Azərfon" və "Gazelli International ltd" şirkətlərinin dəstəyi ilə keçiriləcək.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31