Məşhurluq azarı eybəcər görünəndə və ya Güntayın Füzulini “Osmanlı şairi” etməkliyi

Son zamanlar Azərbaycanın tarixi keçmişi, tarixi şəxsiyyətləri, qəhrəmanları, milli şəxsiyyətləri ilə bağlı hədyan yazanları sayı artıb. Bir zamanlar bu işlə postmodernistlər məşğul olardı. Məşhurluq azarına tutulmuş bu adamlar milli şəxsiyyətlərimizə çamur atır, bununla gündəmə gəlirdilər. Öncələr bunun yalnız bu hədyanları yazanları şəxsi istəyi ilə izah etməyə çalışırdılar. Sonra aydın oldu ki, bu, bir kampaniyadır, məqsədli fəalliyyətdir.  Dünya ölkələrində, Amerika və Avropada, Rusiyada müsəlmanların və türklərin sayının artması, insanların bəşərin nicatı olaraq islamı qəbul etmələri müəyyən dairələri narahat etməyə bilməz. Və şərq xaqlarının, özəlliklə də türk-müsəlman xalqlarına olan mənəvi terror da bu narahatçılıqdan qaynaqlanır. Avropada islam yayılırsa, genişlənirsə, yüzillərdir xristian dünyasını idarə edən katolik və pravoslav kilsələri nə etməlidir? Təbii ki, çıxış yolunu axtarmalıdır. Çıxış yolu da nə olsun: türk-müsəlman xalqlarının ailə və dini inanc sisteminə, milli adət-ənələrinə hücum etmək. Əvvəllər bunu xristian dairələri özləri edərdilər. Sonra bu işin effekti olmayınca, metod dəyişdi. İndi bunu müsəlman ölkələrindən Avropaya aparıb rahat həyatla, dolanışıqla təmin etdikləri ortabab istedadlı yazarlara etdirirlər.

*** *** ***
  Bu günlərdə facebook sosial şəbəkəsində Avropada yaşayan güneylilərdən biri Güntay Qocabəylinin böyük Azərbaycan şairi Məhəmməd Füzuli ilə bağlı  qeydinə rast gəldim. Bəy yazmışdı: "Füzuli Səfəvi şairidir, yoxsa Osmanlı?
Füzulini Səfəvi şairi adlandıranlar, sadəcə olaraq tarix qonusunda bilgisizdilər. Füzuli tam olaraq Osmanlı şairidir. Səfəvi şairi olsaydı, Sultan Süleymana deyil, Təhmasib Səfəviyə məktub yazardı. Ancaq türkçə qələmə aldığı "Şikayətnamə" məktubu Sultan Süleymana yazılmışdır"...
Facebook istifadəçilərinin, oxucuların Güntay Qocabəylinin bundan öncə Azərbaycan tarixində adları şərəflə keçən Səfəvilər haqqında qərəzli, diletant yazılarından xəbəri var. Təkcə onu qeyd edim ki, Azərbaycan tarixindən bilgisi xeyli zəif olan bu adam Səfəviləri "fars ünsürü" adlandırır. Dediyinə görə, türkdilli Azərbaycan ədəbiyyatının azman simalarından biri İmadəddin Nəsimi haqqında da "məhvedici" yazı hazırlayır. Orda da "sübut edəcək" ki, "Sovetin və Muğannanın uydurduğu Nəsimi" tarixdə heç olmayıb. "Qətl günü" filmində bir epizod var 1937-ci ildi.  Yazıçılar Birliyinin toplantısında traxoma xəstəliyinə qarşı mübarizə yolları müzakirə olunur. Bolşevizim mərəzinə tutulmuş gənc, alovlu bir şair çıxış edib deyir: "Söz verirəm ki, evə gedən kimi bir şeri yazıb, traxoma xəstəliyini yayan burjua ünsürlərini rədd eləyim getisn". Güntay Qocabəylinin Azərbaycan tarixinə, ədədbiyyatına, milli şəxsiyyətlərinə yanaşması o gənc bolşevikin yanaşmasından seçilmir. Adam elə bilir ki, tarixdən, ədəbiyyatdan xəbər olmadan, malik olduğu kəm savadla Füzuli, Nəsimi kimi şairləri "rədd eləmək" mümkündür.

*** *** ***
Tarixdən bəllidir ki, görkəmli orta əsr Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzuli indiki İraq ərazisində Kərbəlada doğulub. Azərbaycan-Türk ədəbiyyatı tarixində divan janrının ən möhtəşəm nümayəndələrindən biri kimi tanınan Füzulinin məşhur türk mənşəli Bayat tayfasından olduğu sirr deyil.  Bəzi məlumatlara görə, Məhəmmədin atası Süleyman İraqa Azərbaycanın Ərəş mahalından köçüb.
XI əsrdə İraqın Səlcuqlar, daha sonralar isə Monqollar və Teymurilər tərəfindən işğalından sonra Bağdadda və onun ətraflarında türklərin sayı getdikcə artırdı. Bu durum sonralar da davam edir. 1508-ci ildə şah İsmayıl təntənəli şəkildə Bağdada girərək, İraqı Azərbaycana birləşdirir, bu şəhər uzun bir müddətə Osmanlı İmperiyasının tərkibinə daxil olur. Beləliklə, Füzulinin həyat və yaradıcılığının ilk dövrləri İraqi-Ərəbin Səfəvilər hakimiyyətinə tabe olduğu illərə düşür.
Tarixi məlumatlardan görünür ki, Füzulinin yaşadığı bölgə həm Səfəvi, həm də Osmanlı imperiyalarının tərkibində olub. Məşhur "Şikayətnamə"ni də o Osmanlı hakiminə yazmışdı. Amma təkcə bu fakta və ərazi amilinə görə, Füzulinin "Osmanlı şairi" élan etmək ən yumşaq desək, savadsızlıqdı. Mənuçöhr Cavanşir Bakıya gələndən sonra adını türkləşdirərək Güntay Gənclap ola bilib, amma belə görünür ki, yaxşı savad ala bilməyib. BAB-da, Elçibəyin qanadı altında yetişən güneylilər içərisində ən diribaşlarından biri insafən, Güntay idi. Onun elmə marağı vardı, yaxşı təhsil ala bilsəydi, ondan ortabab araşdırmaçı çıxardı. Amma Avropanın cənnət ölkələrində yaşamaq  və tez məşhurlaşmaq istəyi elm həvəsində üstün gəldi. Bəlkə də Azərbaycan müstəqil olmasaydı, Bakıya gəliş asanlaşmasaydı Mənuçöhr Cavanşir indi Güneydə hansısa məsciddə xütbə oxuyar, Məhərrəmlikdə mərsiyə deyərdi (insafən yaxşı səsi də var). İndi gəlib başımıza füzulişünas kəsilməzdi.
*** *** ***
Məhəmməd Füzulinin azərbaycanlı, türk, Səfəvi şairi olmasını sübut etmək həvəsində deyiləm. Əslində bu cür müzakirərlərin açılması doğru da deyil. Füzulinin yaşadığı dövrdə "Azərbaycan dili", "Osmanlı dili" ayrımı yox idi. Oğuz türkləri hələ bölünməmişdi. Bu gün füzuliyə bütün türk xalqları "bizim şairimiz" deyə bilir. Amma məsələ burasındadır ki, Füzulinin yaşadığı bölgə ənənəvi şiə bölgəsidi, mənsub olduğu tayfa indiki Azərbaycan xalqının formalaşmasında iştirak etmiş bayat  tayfasıdır. O dövrdə Oğuz türkləri arasında  məzhəb və siyasi ayrılıma başlanmışdı. Bölgə (Kərkük) Osmanlı dövlətinin tərkibinə keçsə də, Azərbaycanın bir parçası sayılırdı. Kərkük türklərini Azərbaycan türkləri ilə  bağlayan tellər daha çoxdur. Dil, kültür baxımından Kərkük türkmanları azərbaycanlılara daha yaxındır. Bu günün özündə Türkiyə tədqiqatçıları Füzulini "azeri şairi" olaraq tanıdırlar. Füzuli, Nəsimi Sovet dövründə "xalqa sırınıbsa", bəs türkiyəlilər nədən ona "azeri şairi" deyir? Bir də ki bu nə yanaşmadı, Osmanlı, ərəb zehniyyəti ilə yanaşılanda pis görünən nə varsa, hamısı "Sovetin uydurması" olur? "İslama zərbə vuran" Babəki, Şah İsmayılı Sovet qəhrəman edib, Füzuli Osmanlı şairidir, Nəsimi fars ünsürüdür...Dərin biliyə malik olsaydı, məşhurluq azarına tutulmuş Güntay Gəncalpın "fikirləri"ni müzakirəyə çıxarmaq olardı. Amma dəyməz. Bircə onu demək qalır ki, qəhrəman Babəkin azadlıq mübarizəsi, Şah İsmayılın dini islahatları olmasaydı, Güntayın da, elə hamımızın türk kimliyimiz olmazdı. İndi o, Bakıda aldığı savadla Azərbaycan ulularına çamur atmaz, hansısa məsciddə zavallı türk cocuqlarına "əlif ze bər bəə" oxudardı. Mən iddia etmirəm ki, Güntayı danışdırır, yazdırırlar. Məncə, bunun üçün daha səviyyəli, savadlı birini tapardılar. Güntayın mərəzi məşhurluqdur. Amma bir əmma var ki, məşhurluq istəyi  elmə, biliyə söykənməyəndə çox eybəcər görünür.

Elman Cəfərli
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31